"Həmkarım Fazil Mustafanın güllələnməsi xəbəri hər birimizi sarsıtdı. Mən, xain hücumu şiddətlə qınayır və hesab edirəm ki, bu təkcə Fazil bəyin şəxsiyyətinə yox, dövlətimizə qarşı törədilmiş terror hadisəsidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili qeyd edib ki, regionda mürəkkəb proseslər gedir. Düşmən qüvvələrin əsas məqsədi ölkəmizdə yaranmış sabitliyi pozmaq, cəmiyyəti qorxu altında saxlamaqdır:
"Fazil Mustafa öz fəaliyyətində cəmiyyətimizin cəhalətdən, xurafatdan uzaq olmasına, maariflənməsinə, dünyəvi dəyərlərin təbliğinə üstünlük verirdi. Bu da təbii ki, son 30 il ərzində Azərbaycanda kök atmış və dünyəvi dövlət quruculuğunu özləri üçün faciə olaraq görən, çoxsaylı "din" dəllallarını, onlara kortəbii xidmət göstərən əlaltılarını narahat edirdi".
Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı 90-cı illərin əvvəllərində bu tipli terror hadisələrinin şahidi olub:
"Akademik Ziya Bünyadovun və digərlərinin alçaqcasına qətlləri hər kəsin xatirindədir. O zaman dövlətimiz zəif idi. İndi beynəlxalq miqyasda özünü təsdiq etmiş güclü Azərbaycan dövləti var. Əminəm ki, çox qısa zamanda hüquq-mühafizə orqanlarımız cinayətkarların aşkar olunmasını və laiqiqli cəzalarına çatdırılmasını təmin edəcəkdir. Allaha şükürlər olsun ki, qatillər öz çirkin məqsədlərinə tam çata bilmədilər. Hörmətli Fazil bəyə tezliklə şəfa tapmasını arzulayıram".
Mehman