Kreml sahibi Vladimir Putin Ukraynanın Baxmut şəhərində Rusiyaya qəbir qazır.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Rusiya ordusu “Vaqner” muzdlu qrupu ilə birgə aylardır kiçik şəhəri işğal edə bilmədiyinə görə hər gün böyük itkilər verir:
"Rusiya bu döyüşlərdə müxtəlif təxminlərə görə 30 minə yaxın döyüşçüsünü itirib. Suriyada, Liviyada və Afrikanın mərkəzi ölkələrində ad və pul qazanan “Vaqner” Baxmutda ən ağır məhrumiyyətlərlə üzləşib. ABŞ vaxtilə Ukrayna prezidenti Volodimir Zelenskiyə Baxmutu tərk edib geridə müdafiənin təşkilini təklif etmişdi. Zelenski razılaşmadı və haqlı çıxdı".
Politoloq onu da qeyd edib ki, Ukrayna prezidenti Baxmutu niyə tərk etməməsini dəmir arqumentlərlə izah edib:
"1.Əgər Baxmut Rusiya qoşunlarına təhvil verilsə, Rusiya prezidenti Vladimir Putin bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə, İrana “satacaq”; 2. Baxmutun təhvil verilməsi nəticəsində Putin “qan qoxusunu hiss edəcək” və ukraynalıların zəiflədiyini düşünərək, təzyiqi daha da artırmağa çalışacaq; 3. Baxmut ruslara təhvil veriləcəyi təqdirdə Ukrayna daxilində siyasi proseslər arzuolunmaz məcraya yönələ və ukraynalıların hakimiyyətə, eləcə də müharibənin gedişinə münasibəti dəyişə bilər, bizim cəmiyyət yorğunluq hiss edəcək və məni Rusiya ilə kompromissə yönləndirməyə başlayacaq".
Elxan Şahinoğlunun qənaətincə, Putin Hitlerin səhvini təkrarlayır:
"Hitler üçün İkinci Dünya müharibəsi zamanı Stalinqradı işğal etmək prinsipial məsələydi. Alman qoşunları şəhərə daxil oldular və aylarla küçə döyüşləri davam etdi, Berlin indiki Moskva kimi hər gün “şəhər bizimdir” deyərkən sovet qoşunları müqaviməti gücləndirərək şəhəri geri aldı. Stalinqrad uğursuzluğu Hitler Almaniyasının sonunun başlanğıcı oldu. Putin eyni yolla gedir".
Mehman