"1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən qanlı faciələrdən biridir".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib.
Deputat qeyd edib ki, 31 mart soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdi:
"Azərbaycanda hər il 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. 1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində dinc azərbaycanlılar soyqırımına məruz qalıb. 1918-ci ilin mart soyqırımı bu cinayət əməllərindən ən dəhşətlilərindən biri olub. Ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçirib. diri-diri yandırıblar, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da bu soyqırımının qurbanı olublar. Ermənilərin bu vəhşiliklərin arxasında dənizdən dənizə "böyük Ermənistan" dövlətini yaratmaq idi.
Dövlət müstəqilliyimizi əldə etdikdən sonra ermənilərin bizə qarşı törətdiyi bütün vəhşiliklərə hüquqi qiymət verilməyə başlanıldı. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Bu Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib, Azərbaycana qarşı törədilmiş qanlı cinayətlərə siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin bu Fərmanı və sonra qəbul edilmiş sənədlər tarixi həqiqətlərin üzə çıxmasına və unudulmamasına xidmət edir".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər tək ərazi bütövlüyümüzü bərpa etmədi, həm də ermənilərin "böyük Ermənistan" dövlətini yaratmaq xülyasını da məhv etdi:
"Bugünkü hədəfimiz isə qərbi azərbaycanlıların öz torpaqlarına geri qayıtmasıdır. İnanıram ki, 44 gün ərzində öz hərbi gücümüzə ərazi bütövlüyümüzü bərpa etdiyimiz kimi bu hədəfimizə də tezliklə çatacayıq".(sonxeber.az)