"Nazirlər Kabinetinin istismar olunan minik avtomobillərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında qərarı avtomobil bazarında qiymətlərin artmasına gətirib çıxaracaq". Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb.
Newscenter-az- a Mərkəzdən bildirilib ki, sözügedən qərar ekoloji mühitin çirklənməsinin qarşısınn alınması və atmosferin qorunması baxımından müsbət dəyərləndirilsə də, lakin bunun alıcılıq qabiliyyətinə mənfi təsir edəcəyi qaçılmazdır:
"Birmənalıdır ki, ölkə əhalisinin mütləq əksəriyyəti maddi imkansızlıqdan ili bir qədər köhnə olan avtomobilləri almağa üstünlük verir. İndiki halda 10 ildən çox yaşı olan avtomobillərin ölkəyə gətirilməsinə tətbiq edilən qadağa yalnız və yalnız avtomobil bazarında qiymətlərin artmasına xidmət edəcək".
Mərkəz hesab edir ki, bu qərar öz növbəsində ölkə daxilində olan və istehsal tarixi 10 ildən çox olan avtomobillərin də qiymətlərini ciddi şəkildə artıracaq.
Qeyd edək ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.
Natiq