"On illərdir gözlədiyimiz baş verdi və Azərbaycan İsraildə səfirlik açdı. İki dövlətin münasibətlərinin səviyyəsinə də bu yaraşırdı".
Bu fikirləri Newscenter.az-a səsləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Azərbaycan və Yəhudi xalqları tarixən bir-birilərinin dostu olublar. Sadəcə bəzi məlum səbəblərdən İsrailin Azərbaycanda səfirliyi olsa da, Azərbaycanın İsraildə səfirlik açması ləngiyirdi:
"Azərbaycan artıq bu stereotipi aradan qaldırdı və etməli olduğunu etdi".
Azər Qasımov deyib ki, Azərbaycan və İsrail dövlətləri arasında olan səmimi və işgüzar münasibət eyni ilə xalqlar arasında da mövcuddur:
"İki ölkənin xalqları bir-birilərini dost və qardaş hesab edir, həmişə bu mesajı verir, bir-birinin yanında olduğunu qeyd edirlər. Səfirliyin açılması isə bu münasibətlərin rəsmiləşdirilməsi və dosta-düşmənə elan edilməsidir. Dostlar buna sevinirsə, əminəm ki, düşmənlər indi əlimizdən zəncir çeynəyirlər ki, məncə, qoy çeynəsinlər. Hələ çox çeynəyəcəklər".
Politoloqun sözlərinə görə, bundan sonra Azərbaycan və İsrail arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu demək olar:
"İki ölkə arasındakı əməkdaşlıq daha da irəli səviyyəyə inkişaf edəcək. Beynəlxalq arenada qarşılıqlı fəaliyyətin daha da yaxından olacağına şübhə olmayacaq".
Anar