Aprelin 3-də İslam İnkişaf Bankı (İİB) və İnkişaf naminə İslam Həmrəyliyi Fondu (İİHF) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə birgə Azərbaycanda “QHT-lərin Səlahiyyətlərinin Artırılması üzrə Tadamon Proqramı”nın icrasına başlayır.
Newscenter.az xəbər verir ki, Azərbaycanda səhiyyə, təhsil, yoxsulluğun azaldılması, xeyriyyəçilik, gənclərin səlahiyyətlərinin artırılması, iqlim dəyişikliyi, enerji və ətraf mühit, icmaların inkişafı, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahələrində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları və sosial sahibkarlıq müəssisələri tədbirdə iştirak edə bilər.
“Tadamon” proqramı ilə tanışlıq seminarı “Zoom” platforması vasitəsilə keçiriləcək. Aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmək mümkündür:
https://undp.zoom.us/webinar/register/WN_ly52ksxeSRqTNWGBXiB2tw
Seminarda Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları (VCT-lər) və sosial sahibkarlıq müəssisələrinə “Tadamon” proqramı, onun məqsədləri, eləcə də proqramın Tadamon Kraudfandinq Akademiyası və digər platformalarından necə faydalana biləcəkləri barədə məlumat veriləcək. Proqram çərçivəsində bütün fəaliyyətlər potensialın artırılması üzrə proqramlar vasitəsilə VCT-lərin gücləndirilməsini nəzərdə tutur.
Bundan əlavə, iştirakçılar Azərbaycanın milli kraudfandinq platformalarının uğurlu nümunələri ilə tanış olmaq, eləcə də öz layihələri üçün bu innovativ maliyyələşmə üsulundan istifadə etməklə çətinlikləri necə aradan qaldıra biləcəklərini öyrənmək imkanı əldə edəcək.
İştirakçılar həm də qarşıdan gələn potensialın artırılması proqramı - Tadamon Kraudfandinq Akademiyası barədə məlumatlar əldə edəcək və öz innovativ layihə təklifləri ilə bu proqrama necə müraciət edə biləcəklərini öyrənəcəklər. Proqram VCT-lərə və sosial sahibkarlıq müəssisələrinə öz icma yönümlü layihələri və ideyaları üçün kraudfandinq vasitəsilə maliyyə vəsaitləri cəlb etməyi öyrədir.
“İİB – İİHF Yoxsulluğun Azaldılması üçün QHT-lərin Səlahiyyətlərinin Artırılması Proqramı (Tadamon)” İslam İnkişaf Bankının idarə etdiyi İnkişaf naminə İslam Həmrəyliyi Fondu tərəfindən maliyyələşdirilir və BMTİP və digər strateji tərəfdaşlar tərəfindən icra olunur. Proqramın missiyası vətəndaş cəmiyyəti təşkilatlarının potensialını gücləndirmək, onların layihə və fəaliyyətlərini tanıtmaq, alternativ maliyyə imkanlarına çıxışını yaxşılaşdırmaqla onlara dəstək göstərmək və onları potensial tərəfdaşlar və dəstək qurumları ilə əlaqələndirməkdir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://tadamon.community/. Həmçinin, Facebook (https://www.facebook.com/tadamon.community/) və ya e-poçt ([email protected]) vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Sevinc