Bir çox hallarda təyyarədə sərnişinlərlə bələdçi, yaxud hava gəmisinin kapitanı arasında arzu edilməyən problemlər yaşanır. Etiraf etmək lazımdır ki, əksər hallarda bu problem məhz sərnişinin qeyri-etik davranışı, yaxud kobud hərəkətlərindən dolayı meydana gəlir. Bəs, görəsən belə hallarda qanun təyyarədə arzu edilməyən hərəkətlərə yol verən sərnişinə hansı cəzanı müəyyən edir?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinə əsasən hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmi kapitanının qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulur:
"Hava gəmisində kompüter, foto və video çəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə də sərnişin 100 manat cərimə edilir. Bundan başqa hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə-200 manat məbləğində cərimə nəzərdə tutulur".
Vəfa Qədirova onu da əlavə edib ki, hava nəqliyyatında tütün çəkməyə görə 100 manat məbləğində cərimə müəyyən olunub.
İnqiılab