"1918-ci ilin Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı və qəddar faciələrdən biridir. Belə ki, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar qılıncdan, süngüdən keçirilərək diri-diri yandırılmış, milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və mədəni abidələr dağıdılmış, məscidlərimiz və məzarlıqlarımız təhqir edilmişdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən səsləndirib. Millət vəkili bildirib ki, bu soyqırımın amansızlığını xarakterizə edən cəhətlərdən biri də ondan ibarətdir ki, daşnaklar uşaqlara, qadınlara, qocalara qarşı xüsusi amansızlıq törətmişdirlər:
"Azğınlaşmış daşnaklar Azərbaycanın digər bölgələrində də analoji qanlı cinayətlər törətmişlər. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur və digər ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur.
1998-ci il martın 26-da Ümummilli Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Soyqırım qurbanlarının əziz xatirəsini dərin kədər və ehtiramla anırıq, Allahdan rəhmət diləyirik!".
Anar