Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyada işgüzar səfərdə olub. Səfər çərçivəsində Madrid Politexnik Universitetinin (MPU) akademik heyəti ilə görüşlər keçirilib, həmçinin universitetin Sənaye Mühəndisliyi Ali Texniki Məktəbi ziyarət olunub.
Newscenter.az xəbər verir ki, görüşlər zamanı hər iki universitet arasında akademik heyət və tələbə mobilliyinin genişləndirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, AzTU və MPU-nun müxtəlif mövzularda birgə tədqiqatlar aparması, eləcə də müvafiq sahələrdə ikili diplom müqavilələrinin imzalanması ilə bağlı müzakirələr aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti “Erasmus+ KA171” proqramı çərçivəsində MPU-da tədqiqat aparan AzTU-nun magistr tələbələri - Gülüstan Nəbili, Fərid Nadirov və Sona Nəzərovanın fəaliyyəti ilə də tanış olub.
Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova iştirak edib.
R.Mehdiyeva