Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevin may ayında əfv fərmanı imzalayacağı nəzərdə tutulur. Artıq bir müddətdir ki, Əfv Komissiyasi müntəzəm olaraq toplanaraq məhkumlar və onların ailə üzvlərindən daxil olan müraciətlərə baxır. Bəs görəsən əfv əsasən kimlərə tətbiq edilir?
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə AR Prezidentinin müstəsna səlahiyyəti olmaqla fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Vəkilin sözlərinə görə, əfvetmə AR məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını AR-da çəkən AR vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər:
“Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər, həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları üzrə müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə məsələ qaldıra bilər. Həmçinin, cinayət törədərkən 14 yaşından 18 yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər”.
Vəfa Qədirova deyib ki, əfvetmə barədə müraciət hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər:
“Həmçinin, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilərlər. Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, bir 1 keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək AR Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur”.
İnqilab