Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalaraq, minillər boyu yaşadıqları tarixi torpaqlarından didərgin düşmüş, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılmışdır.
Təkcə XX əsrin əvvəllərində ermənilərin Bakıda, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda və digər bölgələrimizdə xalqımıza qarşı həyata keçirdiyi soyqırımı aktları nəticəsində bu ərazilərdə on minlərlə dinc əhali – qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilmiş, yaşayış yerləri talan edilərək viran qoyulmuş, xalqımızın milli mədəniyyət abidələri, məscidlər dağıdılmış və yandırılmışdır.
Erməni quldur dəstələri 1918-ci ildə Bakıda insanlara qarşı misli görünməmiş vəhşi amansızlıq törətmiş, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıtmış, məscidləri yandırmış, yerlə yeksan etmişlər.
O dövrdə ermənilər Azərbaycanın qədim şəhərlərindən olan Şamaxıda da dəhşətli talan və vəhşiliklər törətmişlər. Şamaxının müsəlmanlar yaşayan hissəsinə od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdır.
Soyqırımı eyni ssenari üzrə Qubada və digər bölgələrəmizdə də amansızcasına törədilmişdir. Bu hadisələr bir daha ermənilərin necə bir vəhşi və qəddar xalq olduqlarını göstərir.
Ermənilər 1988-ci ildə SSRİ-nin zəifləməsindən istifadə edərək, yeni ərazi iddiaları ilə çıxış etməyə başladılar. Ermənistanda yaşayan bütün azərbaycanlıları deportasiya etdilər. Sonrakı dövrlərdə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər.
Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşa olunması istiqamətində ciddi addımlar atıldı. Onun xəritə qarşısında çubuqla Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını göstərməsi mənzərəsini çoxumuz yaxşı xatırlayırıq.
Ümummilli Lider Heydər Əliyev 27 mart 1998-ci il tarixdə «31 Mart Azərbaycanlıların Soyqırımı haqqında» Fərman imzaladı. Həmin dövrdən bu gün ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, ölkəmizdə və dünyanın ayrı-ayrı bölgələrində müxtəlif tədbirlər keçirilir.
Son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmaqdadır. Bu işdə Azərbaycan Dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər respublikamızda, istərsə də ölkəmizdən kənarda bu istiqamətdə çox vacib layihələr reallaşdırıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında çıxışı zamanı bildirmişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bu memorial kompleksin yaradılması hesab edirəm ki, tarixi hadisədir. Bildiyiniz kimi, 2007-ci ildə burada qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanmışdır. Ondan sonra buraya alimlər, ekspertlər ezam edilmişdir və böyük tədqiqat işləri aparılmışdır. Tədqiqat işlərinin aparılması nəticəsində aşkar edilmişdir ki, burada minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülmüşdür. 2009-cu ilin sonunda Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına dair Sərəncam imzalanmışdır və 2011-ci ildən işlər başlanmışdır. Bu gün – 18 sentyabr 2013-cü ildə biz memorial kompleksin açılışını edirik”.
Dövlətimizin başçısı 18 yanvar 2018-ci il tarixdə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqla törətdikləri kütləvi qırğınlardır.
Bu gün yeni soyqırımların baş verməməsi üçün insanlarımız arasında birlik və həmrəyliyin olması, tarixdə baş verənləri unutmamaq xüsusi önəm daşıyır.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı