"Molla rejimi İranı soyuq ağılla və siyasi müdrikliklə deyil, ideoloji prinsiplərlə və kortəbii emosiyalarla idarə edir. Bu ölkənin qonşu dövlətlərə və özünə düşmən saydığı ölkələrə münasibətində də ağıl, məntiq görmək mümkün deyil. Molla rejiminin diplomatları, generalları hər kəsə kin püskürür, əsassız ittiham və böhtanlar yağdırır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, İsrail XİN-in başçısı Eli Kohenin Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla mətbuat konfransında səsləndirdiyi “İsrail və Azərbaycan İrana müqavimət göstərmək üçün birlikdə çalışmalıdırlar” sözlərinə İran rəsmilərinin isterik reaksiyaları da onu göstərir ki, cənub qonşumuzun başbilənləri reallıq hissini tamamilə itiriblər və çılğın emosiyaların əsirinə çevriliblər:
"İran XİN-in rəsmisi Nasir Kənaninin Azərbaycandan “İsraillə birgə antiiran əməkdaşlığı”na aydınlıq gətirilməsini tələb etdiklərini açıqlaması absurd hərəkətdir. İranın Quru Qoşunlarının komandanı Kiomərs Heydərinin Azərbaycanda guya “sionist qüvvələr”in olduğunu iddia etməsi də molla rejiminin absurd siyasətinin bir tərkib hissəsidir.
Maraqlıdır, bu diplomatlara, generallara ölkəmizə qarşı bu cür məsuliyyətsiz açıqlamalarla, cəfəng iddialar və tələblərlə çıxış etmək tapşırığını kim verib? Heç şübhəsiz ki, belə bir çirkin anti-Azərbaycan kampaniyasının “xeyir-dua”sı birbaşa İranın ali dini rəhbərliyindən gəlir. Ayətullah Xameneinin izni, icazəsi olmadan heç bir iranlı diplomat, parlament üzvü, general Azərbaycan əleyhinə bir kəlmə də artıq-əskik ifadə işlədə bilməz".
MHP sədri deyib ki, İranın idarəçilik sistemi bu prinsip üzərində qurulub:
"Hər bir məsələ Xameneinin göstərişləri və ya qadağaları əsasında tənzimlənir. Lakin görünən budur ki, İranın ali dini rəhbəri çox təəssüf ki, Azərbaycanla bütün körpüləri “yandırmaq” yolunu tutub. Ona görə də İranın rəsmi şəxsləri və bütün təbliğat sistemi Azərbaycana qarşı açıq düşmənçilik mövqeyindən çıxış edir və davamlı olaraq ağılasığmaz ittihamlar irəli sürür. Lakin gözləri düşmənçilik pərdəsi ilə örtülmüş ermənipərəst molla rejimi bilməlidir ki, heç kimin Azərbaycandan hesabat istəməyə, izahat tələb etməyə ixtiyarı yoxdur. Heç kim bizə “flan ölkə ilə yox, bəsməkan ölkə ilə əməkdaşlıq et” deyə məsləhət verə, yol göstərə bilməz. Biz öz yolumuzu özümüz müəyyən edirik. Azərbaycan öz dostlarını, müttəfiqlərini özü seçir".
Partiya sədrinin sözlərinə görə, İranı idarə edən mollalar da, onların tutuquşu kimi danışdırdıqları diplomatları və generalları da istər İsrailli nazirin, istərsə də hər hansı başqa bir ölkənin bu və ya digər rəsmisinin açıqlamasına, bəyanatına münasibət bildirməyə tələsməzdən öncə, əvvəlcə o bəyanatı diqqətlə oxusunlar və düzgün başa düşməyə çalışsınlar:
"Başa düşmədikləri, düzgün anlamadıqları bəyanatlara kütbeyin münasibət sərgiləyib özlərini gülünc vəziyyətə salmasınlar. Əks təqdirdə, mollalar bu cür ağılsız siyasətlə İranı uzun müddət idarə edə bilməyəcəklər".
Mehman