Dörd aya yaxın Azərbaycan ekoloqların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya nəticəsində erməni separatçılarının silah-sursat təchizatında əhəmiyyətli boşluğu doldurmaq üçün rus "sülhməramlı"ların və erməni separatçılarının alternativ torpaq yolundan istifadəsinə Azərbaycan Ordusu keçirdiyi son əməliyyatı ilə son qoydu. Azərbaycan Ordusunun son əməliyyatı ilə nəinki erməni separatçılarına, əsasən rus "sülhməramlı"larına böyük hərbi, psixoloji zərbə olmaqla, onların Azərbaycan ərazisindən çıxması üçün əsaslı zəmin yaratmaqla geriyədönməz prosesə təkan vermiş oldu.
Həmçinin bu əməliyyat Azərbaycanın böyük dövlətlərin planlarının tərkib hissəsi olmadığını, əksinə böyük dövlətlərin Azərbaycanın apardığı siyasətə uyğunlaşmağa və öz simasını qorumağa çalışdığını göstərmiş oldu. ABŞ, Rusiya, eləcə də ümumilikdə Avropa İttifaqı Azərbaycanın istəyi üzrə keçirdiyi siyasətə açıq qarşı çıxmaqdan yayınır. Düzdür, böyük güclər tərəfindən Azərbaycan dövlətinin yeritdiyi siyasətin qəbulu beynəlxalq geosiyasi vəziyyət və xüsusən də Rusiya-Ukrayna müharibəsi ilə müşayət edilən Rusiya - Qərb qarşıdurmasının yaratdığı reallıqlar da müəyyən çəkiyə malikdir. Ancaq, əsas amil Azərbaycan dövlətinin hərbi, iqtisadi gücü, iradəsi və beynəlxalq hüquqa əsaslanan praktik siyasi-diplomatik davranışıdır.
Ermənistan Azərbaycan arasında sülhün əldə edilməsində Azərbaycanın Moskva və ya Brüssel platformasına və onların təqdim etdiyi hansı varianta üstünlük verdiyi ətrafında müzakirələr əsl həqiqətdə reallıqdan kənardır. Çünki, Azərbaycan dövləti heç bir variantı üstün tutmur, əksinə öz şərtlərini diqtə edir. Azərbaycan prezidenti İlham Əliyevin Novruz Bayramı öncəsi Talış kəndindən faktiki Ermənistanın mövcudluğu üçün səsləndirdiyi şərtlər əsas və yeganə variantdır. Həm Moskva, həm Brüssel Azərbaycan şərtləri daxilində təkliflər verməklə, təşkilatçılıq etməklə əslində Azərbaycana yaxın olmaqla öz maraqlarının təmininə çalışır. Beynəlxalq geosiyasi vəziyyəti olduqca düzgün qiymətləndirən Azərbaycan bu şəraitdə Ermənistanla sülhün əldə edilməsi üçün ancaq öz variantını həyata keçirir. Moskvanın Brüsselin və hətta Vaşinqtonun əmin oldiğu Azərbaycanın son məqsədinə çatacağı halında əldə etdiyimiz uğura şərik olmaqdır. Bəli, maraqları təmin etmək üçün yeridilən siyasət formasını dəyişsə də mahiyyətini dəyişməyib.
Vüqar Dadaşov