Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AXCP nəhayət ki, “uşaqlığın son gecəsi”ndən əl çəkməli, böyüməlidir

AXCP nəhayət ki, “uşaqlığın son gecəsi”ndən əl çəkməli, böyüməlidir


Son iki ildə ölkəmizdə yeni siyasi konfiqurasiyanın oturuşması, siyasi dialoqun inkişaf etdirilməsi və iqtidar-müxalifət münasibətlərinin sivil məcraya yönəldilməsi istiqamətində çox iş görülüb, bir xeyli məsafə qət edilib. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və siyasi iradəsi ilə müxalifət partiyalarının mənzil-qərargahlarla təmin olunmasından tutmuş partiyaların təmsilçilərinə “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi ilə bağlı müzakirələrdə iştirak etmək üçün şərait yaradılmasına qədər bir sıra önəmli addımların atılması ölkənin siyasi mühitinə tamamilə yeni ab-hava gətirib, dialoq üçün yeni imkanlar yaradıb və ölkədə yeni siyasi mədəniyyətin, yeni siyasi ənənələrin formalaşmasına yol açıb.

Bir sözlə, dövlət və hakimiyyət ölkədə sağlam siyasi mühitin təşəkkül tapması və iqtidar-müxalifət dialoqunun qalıcılığının, dayanıqlığının təmin olunması üçün gərəkən bütün işləri tədricən və ardıcıl şəkildə həyata keçirir. İqtidar öz məsuliyyətini dərk edərək bu prosesi daim inkişaf etdirməyə, irəli götürməyə çalışır. Siyasi dialoqun dərinləşdirilməsi üçün hazırkı iqtidarın zaman-zaman etdiyi çağırışlar artıq öz müsbət nəticəsini verməkdədir. Müxalifət partiyalarının mütləq əksəriyyəti bu çağırışlara isti yanaşıb və ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinə dəstək verib.

Lakin radikal müxalifət düşərgəsi isə hər zamankı kimi inkarçı mövqe sərgiləyib, hakimiyyətin dialoq çağırışlarını müsbət hal kimi dəyərləndirmək əvəzinə, dialoqdan və təmaslardan imtina edib. Başqa sözlə desək, radikal müxalifət liderləri ənənəvi təfəkkür tərzindən, “meydan psixologiyası”ndan, barışmaz siyasi ritorikadan əl çəkmək istəməyib və necə deyərlər, özünü “format” etmək, yeniləmək üçün heç bir səy göstərməyib.

Ancaq bu cür permanent inkarçılığın, radikallığın perspektivsizliyini və sonda isə tam siyasi iflasa gətirməsini əli kərimlilər, cəmil həsənlilər, arif hacılılar və digərləri özləri də yaxşı başa düşürlər. Ona görə də radikal müxalifət liderləri bu yaxınlarda qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” yeni Qanunun tələblərinə uyğun olaraq yenidən təşkilatlanmanı rəhbərlik etdikləri təşkilatların ayaqda qalması və siyasi fəaliyyətlərinin peşəkar prinsiplər əsasında davam etdirilməsi üçün növbəti şans kimi nəzərdən keçirməlidirlər. Zaman dəyişirsə, siyasi reallıqlar dəyişirsə, müxalifət də dəyişməlidir, keyfiyyətcə və kəmiyyətcə yenilənməlidir. 90-ların təfəkkürü ilə 21-ci əsrin siyasi mühitində çevik aktorlardan biri olmaq mümkün deyil.

Sabunçu Gənclər Evində AXCP Ali Məclisinin sessiyasının keçirilməsini və qurultay təyin edilməsini də sözügedən siyasi partiyanın yenilənmiş siyasi mühitin fəal iştirakçılarından, önəmli aktorlarından biri olmaq istiqamətində atdığı ilk ciddi addım kimi dəyərləndirmək lazımdır. Özlərini hər daim ana müxalifət, aparıcı müxalifət, əsl müxalifət adlandıran AXCP-çilər bu gün onlar üçün ayrılmış normal bir məkanda çox rahat şəkildə toplantı keçirib gələcək fəaliyyətləri üçün “yol xəritəsi” cıza bilirlərsə demək ki, iqtidar-müxalifət münasibətlərini sivil müstəvidə qurmaq və bütün ixtilaflı məsələləri dialoq yoluyla çözmək mümkündür. Yetər ki, ortada qətiyyətli siyasi iradə olsun, qarşı tərəf iqtidarın uzatdığı barış və dialoq əlini sıxmağı özünün uduzmağı kimi, təslimçilik kimi yox, sivil siyasi mədəniyyət nümunəsi kimi dəyərləndirsin.

AXCP nəhayət ki, “uşaqlığın son gecəsi”ndən artıq əl çəkməli, böyüməlidir. Bu partiya cığallığından əl çəkməli, özünü nadinc və ərköyün uşaq kimi yox, yetkin siyasi təşkilat kimi aparmalıdır. Həmçinin AXCP lideri də “hökümət bizə nəfəs almağa, yığışmağa, iclaslarımızı keçirməyə imkan vermir, sərbəst toplaşmaq hüququmuzu pozur, söz azadlığımızı əlimizdən alır” səpkisində şablon ritorikadan və əsassız itihamlardan əl çəkməlidir.

Əli Kərimli nəhayət ki, başa düşməlidir ki, “hakimiyyət intenetimi kəsib” kimi cəfəng böhtanlar artıq cəmiyyətdə istehza ilə qarşılanır və onun öz əleyhinə işləyir. Bu mənada, sosial şəbəkə istifadəçilərinin Əli Kərimliyə ünvanladıqları “hakimiyyət sənin internetini kəsmişdisə, bəs, necə olur ki, Nizami Gənclər Evində öz partiyanın belə rahat şəkildə toplantısını keçirirsən?” sualı tamamilə yerinə düşür. Kifayət qədər məntiqli və tutarlı sualdır. Və təbii ki, Əli Kərimli bu suala açıq, səmimi cavab vermək iqtidarında deyil. Ona görə də “susmaq qızıldır” fəlsəfəsindən çıxış edir.

Zənnimizcə, AXCP lideri bundan sonra ənənəvi siyasi radikallıq və barışmaz inkarçılığını kənara qoyacaq, rəhbərlik etdiyi partiyasının işini isə “Siyasi partiyalar haqqında” yeni Qanunun müddəalarına uyğun olaraq yenidən qurmaq səylərini gücləndirəcək. Bütün partiyalar kimi AXCP üçün də siyasi rəqabət baxımından bərabər imkanlar yaradılıb. Artıq bolşevik təfəkküründən əl çəkməyin, sivil siyasi fəaliyyət göstərməyin vaxtıdır. Biz dünyada və o cümlədən qardaş Türkiyədə hökm sürən sivil iqtidar-müxalifət münasibətlərini öz ölkəmizin siyasi mühitinə proyeksiya etməyi, gətirməyi bacarmalıyıq. AXCP də məhz bu yolu tutmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş