ABŞ prezident Co Bayden Konqresdə respublikaçıların büdcəni azaltmaq ideyalarının ölkə istehsalına xələl gətirə və Çinin dünya iqtisadiyyatına hakim olmasına kömək edə biləcəyi qənaətindədir. Ağ Ev sahibi hesab edir ki, ABŞ-ın Çinlə iqtisadi zəmində mübarizə aparması üçün ölkənin effektiv büdcəyə ehtiyacı var. ABŞ-ın demokrat prezidenti respublikaçıların onun siyasətinə etirazının Çini gücləndirəcəyindən ehtiyatlanır. “Büdcədə kəsintiyə getmək innovasiya və texnologiyanın gələcəyini Çinə vermək deməkdir” deyən Bayden ABŞ-ın yaxın illərdə əsas məqsədinin Çinin irəliləməsinin əngəllənməsi olduğunu vurğulayıb.
Bayden administrasiyası Konqresə göndərdiyi büdcədə hərbi xərclərin artırılmasını da nəzərdə tutub. Bu da Çinə qarşıdır və Ağ Ev sahibi bunu gizlətmir. ABŞ Müdafiə Nazirliyinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli hərbi büdcənin artırılmasınə belə izah edib: “Hərbi büdcə Çinlə strateji rəqabəti gücləndirməyə istiqamətlənib”. Mark Milli ABŞ-ın uzun illər üçün təhlükəsizlik probleminin Çin olacağını bildirib. Buna baxmayaraq, Mark Milli ABŞ-ın Çinlə hərbi toqquşmasının mütləq olmadığı qənaətindədir. Halbuki, Mark Milli iki dövlətin bütün istiqamətlərdə maraqların kəsişdiyini də etiraf edib. Pentaqon təmsilçisi Çinin nüvə gücünü artımasına da diqqəti çəkib. Çin qitələrarası ballistik raketlərin istehsalını artırıb. Mark Milli onu da etiraf edib ki, hazırda ABŞ-ın Pekinin nüvə inkişaf proqramını yavaşlatmaq, dayandırmaq və ya məhv etmək üçün əlində aləti yoxdur.
Maraqlıdır ki, Co Bayden və Mark Milli hərbi büdcənin artırılması vacibliyindən danışarkən əsas hədəfin Çin olduğunu vurğulayıblar, Rusiyanın adını çəkməyiblər. Halbuki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Vaşinqtonu daha ciddi narahat etməlidir. Görünür, bu onunla əlaqəlidir ki, Vaşinqton Rusiyanın hərbi imkanlarının həddini özü üçün müəyyələşdirib və Rusiyanın bundan artığına nail olmayacağı qənaətindədir. Çin isə hərbi qüdrətini artırmaqda davam edir. Pekinin xeyrinə daha bir fərq ondan ibarətdir ki, müharibəni davam etdirən Rusiyanın hərbi resursları tükənir, Çin isə müharibə aparmadığına görə iqtisadi qüdrətini hərbi gücünün inkişafına yönəlib. Buna baxmayaraq, Çin-Rusiya yaxınlaşması Vaşinqtonu ciddi narahat edir. Rusiya və Çin hərbi ittifaq yaratmasalar da, bölgədə birgə keçirdikləri hərbi təlimlər və hərbi texnologiyalarını bir-birləriylə bölüşmək ehtimalı ABŞ-ın problemlərini artıracaq.
Pekin Vaşinqtonun artan təzyiqlərini neytrallaşdırmağa çalışır. Pekin gizlətmir ki, Rusiya ilə hərbi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Buna misal olaraq Çinlə Rusiyanın müntəzəm olaraq birgə hava və dəniz patrulları həyata keçirməyi planlaşdırdıqlarını göstərmək olar. Bu sırada İran da var. Rusiya, Çin və İranın Oman körfəzində birgə hərbi dəniz təlimləri Amerikada narahatlıq yaradıb.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri