Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn ay vəkilliyə qəbulla bağlı test imtahanı keçiriləcək

Gələn ay vəkilliyə qəbulla bağlı test imtahanı keçiriləcək


Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.

Newscenter.az Azərbaycan Vəkillər Kollegiyasına istinadən bildirir ki, sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 18.05.2023-cü il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək.

Vəkilliyə qəbulla bağlı test imtahanı 18.05.2023-cü il tarixdə hər növbədə 170 namizəd olmaqla iki növbəli olaraq saat 10:00-da və 15:00-da baş tutacaq. İmtahanda iştirak edəcək namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı telefon vasitəsilə məlumat veriləcək. Namizədlərdən imtahan üçün müəyyən olunmuş vaxtdan ən gec bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri ilə birlikdə yaxınlaşmaqları xahiş olunur.
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak etmək istəyən namizədlər daimi əsaslarla davam edən sənəd qəbulunda 340 namizədin sənədinin qəbul olunduğunu (yerlərin bitməsini) nəzərə almalıdırlar.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik.

Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Mehman
Xəbəri paylaş