Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Tacikistanla münasibətlərinin yaxşı olması Türk dünyasının təhlükəsizliyi üçün də faydalıdır

Azərbaycanın Tacikistanla münasibətlərinin yaxşı olması Türk dünyasının təhlükəsizliyi üçün də faydalıdır


Rusiya-Ukrayna müharibəsi fonunda son dövrlərdə dünyada cərəyan edən qlobal proseslər və geosiyasi təlatümlər yenidən qtbləşməni və bloklaşmanı gücləndirdiyi kimi dövlətlər arasında ikitərəfli əməkdaşlığı da vacib amillərdən birinə çevirib. Bu mənada, Azərbaycan-Tacikistan münasibətlərinin inkişafı hər iki ölkə üçün əhəmiyyətlidir və rəsmi Bakı bu ölkə ilə əlaqələrə xüsusi önəm verir.

Əlbəttə, Tacikistan Mərkəzi Asiya ölkələrindən biri olsa da, türkdilli ölkə deyil və Türk Dövlətləri Təşkilatında (TDT) təmsil olunmur. Lakin həm Türk dünyasının ümumi maraqları və təhlükəsizliyi baxımından, həm də Azərbaycanın Ermənistan və İran kimi destruktiv ölkələri neytrallaşdırmaq planlarına dəstək qazanmaq baxımından Tacikistanla əlaqələrin genişləndirilməsi olduqca vacibdir.

Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində Ermənistan hər zaman Tacikistanı Azərbaycana qarşı kökləməyə, anti-Azərbaycan cəbhəsi yaratmağa çalışıb. Tacikistan mətbuatında zaman-zaman erməni lobbisinin sifarişil ilə Azərbaycan əleyhinə yazılar dərc olunub, bəzi ermənipərəst tacik politoloqların siyasi şərhləri yer alıb. Ermənistan rəhbərliyi MDB və KTMT çərçivəsində də Azərbaycan əleyhinə qərarların qəbul edilməsində Tacikistanın dəstəyini qazanmağa çalışıb. Lakin nə Nikol Paşinyanın, nədəki onun sələflərinin bu planları baş tutmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə dostluq münasibətləri Ermənistan rəhbərlərinin məkrli niyyətlərini bloklamağa imkan verib.

İran da Tacikistanı öz təsir zonasına daxil etmək üçün hər zaman canfəşanlıq göstərib. Fars-molla rejimi bu məqsədinə nail olmaq üçün farslarla taciklərin dil qohumluğu amilindən də yararlanmağa çalışır. İran həmçinin Türkiyənin Mərkəzi Asiyada rolunun artmasını əngəlləmək və bölgənin türk respublikaları arasında inteqrasiya prosesini zəiflətmək planlarının həyata keçirilməsində də Tacikistandan “dəyənək” kimi istifadə etməyə səy göstərir. Tacikistanın Qırğızıstan və Özbəkistanla münasibətlərinin zaman-zaman pisləşməsi həm də bundan qaynaqlanır.
Bu baxımdan, Azərbaycanın Tacikistanla münasibətlərinin yaxşı olması Türk dünyasının təhlükəsizliyi üçün də faydalıdır. Tacikistanın İran və Ermənistan kimi təxribatçı-destruktiv ölkələrin orbitindən uzaqlaşdırıb Türk Dövlətləri Təşkilatı ilə sıx əməkdaşlığına nail olmaq lazımdır. Bu, Türk dünyasının maraq və mənafelərinə cavab verir. Ona görə də Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfərini Türk dünyasının ümumi maraqlarına xidmət edən səfər kimi dəyərləndirmək lazımdır. Bu mənada, Tacikistan səfərinə dövlət başçımızın son bir-iki il ərzində Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri kontekstindən baxmalıyıq.

Bu cür səfərlər ölkələrarası əlaqələrin inkişafında olduqca mühüm rol oynayır. Sözügedən səfərlər zamanı imzalanan müqavilələr, sazişlər Azərbaycanın Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməsində də mühüm rol oynayır. Başqa sözlə desək, hər yeni səfər ölkəmizin inkişafı və dostlarımızın sıralarının genişləndirilməsi üçün yeni fürsətlər yaradır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş