“Dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan kritik informasiya kibertəhlükəsizliyinə prioritet məsələ kimi baxılması zəruridir. Bu baxımdan bu sahənin ciddi şəkildə qorunmasına ehtiyac var.”
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklərə münasibət bildirərkən belə deyib.
Bildirib ki, informasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Bu gün dünya sürətlə rəqəmsallaşmaqdadır və artıq rəqəmsallaşma iqtisadiyyatda baş verən meqatrend hesab olunur. Çünki rəqəmsallaşma olmadan iqtisadi inkişafa nail olmaq qeyri-mümkündür. Belə bir şəraitdə bizi ən çox narahat edən məsələlərdən biri rəqəmsallaşmanın yaratdığı ciddi təhlükələrdir. Deputat hesab edir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun layihəsinə təklif olunan dəyişikliklər də məhz informasiya sahəsində və telekommunikasiya sistemində vəziyyəti daha yaxşı tənzimləmək məqsədi daşıyır:
“Qanuna təklif olunan dəyişikliklər ölkənin kiber mühitinin inkişafı və dayanıqlılığında, milli maraqların qorunmasında mühüm rol oynayacaq. Bu baxımdan layihə ölkənin iqtisadi təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir.”
K.Nurullayeva bildirib ki, kritik informasiya infrastruktur obyektlərinin siyahısının müəyyən edilməsinin Qanunda əksini tapması Nazirlər Kabineti tərəfindən kritik informasiya infrastruktur obyektlərinin meyarlarının müəyyən edilməsindəki çətinliklərin qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda kibertəhlükəsizlik xidməti provayderinin işçi heyəti, texnoloji resursları və proseslərinə dair tələblərlə yanaşı, provayderin özünə dair tələblərin də Nazirlər Kabineti tərəfindən müəyyən edilməsinin qeyd olunması və Qanuna edilmiş təkmilləşdirmə xarakterli digər dəyişikliklər sözügedən Qanunun tətbiqindəki problemləri aradan qaldıracaq:
“Layihədə həmçinin, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisinin, onun səlahiyyətli nümayəndəsinin, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxsin və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşların Azərbaycan Respublikasının vətəndaşı olmaqları ilə bağlı tələb nəzərdə tutulur ki, bu da dövlətimizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm addım kimi qiymətləndirilməlidir. Ümumilikdə bu dəyişikliklərin qəbul edilməsi ilə sözügedən Qanunun bütövlükdə iqtisadiyyatımızın inkişafında öz rolunu oynayacağına ümid edirik”,-deyə deputat bildirib.
Ruhiyyə