Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanın Misirdəki səfirliyinin təşkilatçılığı ilə bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin onların ailə üzvləri, Dostluq Cəmiyyətinin təsisçiləri, səfirliyin əməkdaşları müqəddəs Ramazan ayında iftar süfrəsi arxasına toplaşıblar.
Newscenter.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov son illərdə ölkələrimiz arasında əlaqələrin sürətli inkişafından, Azərbaycan diasporunun, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edib.
Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov çıxış edərək Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin 2023-cü ilin yanvar ayında Azərbaycana səfərini ölkələrimiz arasında münasibətlərin və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi adlandırıb. O bildirib ki, iki ölkə arasında dostluq əlaqələri qədim tarixə söykənir və xalqlarımızı bir-birinə böyük hörmət və doğmalıq hissləri bağlayır. Bütün sahələrdə hiss olunan inkişafın yaxın gələcəkdə daha da yüksələn xətlə davam edəcəyini vurğulayan diplomat bu il elmi sahədə iki ölkə arasında bir sıra anlaşmaların, müqavilələrin həyata keçiriləcəyinin gözlənildiyini söyləyib. O, diasporumuzun keçirdiyi tədbirlərdə Azərbaycan icması ilə birlikdə ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyətin nümayəndələrinin iştirak etməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Səfir Azərbaycanın dostlarının Misirdə ölkəmizin təbliğ edilməsində böyük rol oynadıqlarını bildirib.
Tədbirdə çıxış edən qonaqlar Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar Azərbaycan diasporunun iki xalq arasında münasibətlərin inkişafına böyük töhfələr verdiyini nəzərə çatdırıblar.
Qeyd edək ki, hazırda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 42 ölkədən 450-yə yaxın gənc ödənişsiz təhsil alır.