Dünya təlatümlü dövrünü yaşayır. Bunun təsiri Cənubi Qafqazdan yan keçə bilməz. Bütün tarixi hadisələrdə yer alan Qafqaz və Qafqaz xalqları, indiki mürəkkəb dövrdə də bir çox hadisələrin içində yer almaqdadır. Vəziyyətdən çıxış yolları tapmaq və dövrün tələblərinə cavab verə bilən addımların atılması hər gün daha da mürəkkəb hal alır. Xüsusilə də Cənubi Qafqaz, artıq siyasi və iqtisadi münasibətlərin kəsişdiyi və toqquşduğu coğrafi məkana çevrilib. Məhz bu kontekstdən hadisələrə nəzər salsaq, indiki təlatümlü və mürəkkəb proseslər fonunda böyük güclərin iqtisadi və geosiyasi maraqları qarşısında dura bilən, bütün təzyiqlərə cavab verən, milli maraqlarımız və kimliyimiz çərçivəsində siyasi və iqtisadi baxımdan ayaqda durmağımızı təmin etməyi bacaran liderlərə, məhz indiki vaxtda daha çox ehtiyac duyulur.
Qardaş ölkə Türkiyədə, mayın 14-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkiləri, məhz yuxarıda qeyd etdiyim vəziyyətlə bir başa bağlıdır. Ərdoğan, Türkiyə və Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin ən yüksək səviyyəyə çatması üçün çox işlər görüb. Amma, görüləsi işlər hələ də çoxdur. Ərazi bütövlüyümüzü tam bərpa etməliyik və xüsusilə də Qarabağ istiqamətində Ərdoğanın dəstəyi bizim üçün çox vacibdir.
Çingiz Şahbazi-siyasi ekspert