Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici səfərləri həmişə dövlətlərarası münasibətlərin daha da yaxşılaşmasına xidmət edir və ikitərəfli əlaqələri bütün istiqamətlərdə genişləndirir. Bu əlaqələr də özlüyündə dayanıqlı sülh naminə siyasi zəmanətdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 5-də Tacikistan Respublikasına dövlət səfəri də bu amillərlə əlamətdar olacaq.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbut bəyanatı maraqla qarşılanıb. Bu iki dövlət arasında qarşılıqlı əlaqələrin 1990-illərin əvvəllərində başladığı, həmin dövrdə həm Tacikistanın, həm də Azərbaycanın çətinliklərlə üzləşdiyi, hər iki dövlətdə vətəndaş müharibəsi getdiyi qeyd edildi. O dövrdə böyük tarixi şəxsiyyət Heydər Əliyev də, Tacikistanın Prezidenti Emoməli Rəhmon da yaranmış vəziyyəti aradan qaldırmağa, ölkəsini inkişaf yoluna çıxarmağa nail oldular. Bu gün hər iki dövlət sabit dövlətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın da, Tacikistanın da müstəqilliyi necə əldə etdiyini xatırladaraq dedi: “Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər”. Bu fikirlər azadlığın, suverenliyin, müstəqilliyin həmişə çətinliklə əldə edilməsi fəlsəfəsini bir daha diqqətə çatdırdı və digər bir fikrin mahiyyətini unutmamağın fəlsəfəsi kimi dinlənildi: Müstəqilliyi qorumaq, saxlamaq onu qazanmaqdan çətindir.
Bəyanatda iki dövlət arasında ədəbiyyat, incəsənət, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdiriləcəyi diqqətə çatdırıldı: “Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il aprel ayının 5-də Tacikistan Respublikasına dövlət səfərində “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2023-2024-cü illər üzrə kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Yol Xəritəsi”, “Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2023-2024-cü illər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” və s. kimi sənədlər imzalandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il aprel ayının 5-də Tacikistan Respublikasına dövlət səfəri iki dövlət arasında münasibətlərin daha da yaxşılaşacağının zəmanətidir.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı