Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan cəmiyyəti və dövləti indi həmişəkindən daha ayıq-sayıq davranmalıdır

Azərbaycan cəmiyyəti və dövləti indi həmişəkindən daha ayıq-sayıq davranmalıdır


İsrailin Qüdsdəki “Əl-Əqsa” məscidinə basqınından dərhal sonra Türkiyə prezidenti Ərdoğanla İran prezidenti Rəisi arasında keçirilən və İslam dünyasının həmrəyliyinin çox gərəkli olduğunun xüsusi vurğulandığı telefon danışığının ardınca, son günlər bir-birinə meydan oxuyan Azərbaycan və İran Xarici İşlər Nazirlikləri arasında da danışıqlar baş tutub.

Azərbaycan və İran Xarici İşlər nazirlərinin telefon danışıqları barədə hər iki tərəfdən verilən rəsmi açıqlamalarda seçilən cümlələrin ümumi ruhunun mövcud gərginliyin götürülməsinə hesablandığı aşkar görünür.
Ancaq bu, İran-Azərbaycan münasibətlərində körüklənən gərginliyin dərhal aradan götürüləcəyi qənaəti və arxayınlığı yaratmamalıdır.

Çünki həm İranın, həm də Azərbaycanın içərisində münasibətlərin məhz bu ərəfədə gərgin saxlanılmasında hədisz maraqlı tərəflər var və bu “üçüncü əl” qətiyyən sakit durmayacaq.

Bu “üçüncü əl”in sahibləri çox yaxşı bilirlər ki, İran-Azərbaycan münasibətlərinin süni şəkildə gərginləşdirilib müharibə həddinə çatdırılması seçkilərə hazırlaşan və daxildən ciddi təhlükələr gözləyən Ərdoğan Türkiyəsini də zorən bu savaşa çəkəcək, bu həssas siyasi şəraitdə Türkiyə kəşfiyyatının, təhlükəsizlik qüvvələrinin diqqətini içdən, əsas hədəflərdən yayındırmağa və əlavə problemlərlə yüklənməyə vadar edəcək.

Dəfələrlə vurğulamışıq ki, Türkiyədəki 14 may seçkiləri regionumuzun və Türkiyənin geopolitik taleyini həll edəcək hadisədir, Ərdoğanın seçilməməsini və Türkiyədə qarışıqlıq düşməsini istəyənlərin hamısı məhz bu ərəfədə hərəkətə gətiriləcək.

FETÖ-nün əliylə 2016-cı ildə devirməyə çalışdıqları Ərdoğanın son illərdə həyata keçirdiyi Rusiya və İranla yaxınlaşma siyasətində, "3+3" formatının reallaşmasında bzim ölkəmiz - Azərbaycan çox önəmli yer tutur, bir növ, bağ rolunu oynayır.

İndi Ərdoğanın əsas düşmənləri üçün ən zəif həlqə də məhz Azərbaycandır.

Azərbaycan üzərindən "Karlov sui-qəsdi"nə, "təyyarə qalmaqalı"na bənzər ssenarilərlə qurulan oyunlar, təşkil edilən fitnəkar addımlar Ərdoğanın həm Rusiya, həm də İranla münasibətlərini korlayaraq, onun təklənməsinə və yenidən Qərb çətiri altına sığınmasına gətirib çıxara bilər.

Azərbaycan cəmiyyəti və dövləti indi həmişəkindən daha ayıq-sayıq davranmalı, zorən çəkildiyi ssenarilərdən yayınmağı bacarmalı, fitnəyə qətiyyən uymamalıdır. Əks halda, bizi qurucusu biz olmadığımız bir oyuna çəkib, orada rahatca məğlub edəcəklər.

Elxan Şükürlü-politoloq
Xəbəri paylaş