Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran rejminin yerinə yetirməli olduğu bir neçə şərt var

Tehran rejminin yerinə yetirməli olduğu bir neçə şərt var


İran XİN başçısı Əmir Hüseyn Abdullahiyanın dünən Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefon danışığı və bu danışıq zamanı müzakirə edilən mövzulardan aydın olur ki, İran tərəfi hələ indi anlamağa başlayır ki, vəziyyəti sözün həqiqi mənasında korlayıblar.

Telefon danışığında dörd əsas nüans qabarıq şəkildə nəzərə çarpdırılıb.

1. İki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.
2. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.
3. Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.
4. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

Fikrimcə, Tehran rejmi 4 səfirlik əməkdaşının Azərbaycan tərəfindən persona non grata elan edilməsi və ölkə xarici edilməsindən sonra vəziyyəti düzəltmək üçün yeganə çıxış yolunun özünün bu danışıqlara başlamasından keçdiyini anlamağa başlayıb. Təbii ki, İran və Azərbaycan arasındakı yaranmış belə gərgin münasibətlərin qısa zaman içində düzələcəyi inandırıcı görünmür. Ona görə ki, Tehran rejmi bir tərəfdən danışıqlar aparmaq görüntüsü yaratmaq istəsə də, digər tərəfdən təxribatlarını dayandırmır. Təbii ki, Azərbaycanla danışıqlar üçün hər zaman qapı açıqdır, amma Tehran rejminin yerinə yetirməli olduğu bir neçə şərt var.

1. İran mediasında anti-Azərbaycan yazılarının qarşısının alınması.
2. 27 Yanvar 2023-cü ildə Tehrandakı səfirliyimizə edilən terror aktının obyektiv araşdırılması.
3. Azərbaycan daxilində təxribata səbəb olan cəsus şəbəkəsinin formalaşdırılmasının dayandırılması.
4. Mövcud şəraitdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına mane olmaması.

Hesab edirəm ki, ilkin olaraq bu addımların atılmasından sonra tərəflər arasında etimad mühitini bərpa etmək mümküm olar. Əks təqdirdə gərgin münasibətlərin normallaşması inandırıcı görünmür.

Samir Hümbətov-politoloq
Xəbəri paylaş