Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə görəcəyi işləri açıqlayıb

Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə görəcəyi işləri açıqlayıb


“Gələcək dövrdə prioritetimiz fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırmaq, dağılmış şəhərlərimizi bərpa etməkdir".

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının seçki platforması və millət vəkilliyinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində deyib.

Onun sözlərinə görə, vətəndaşlarının can və mal təhlükəsizliyi hakimiyyət üçün ən vacib məqamdır: “Şəhərlərimizi təbii fəlakətlərə qarşı daha hazırlıqlı vəziyyətə gətirməyə çalışacağıq”.

R.T.Ərdoğan söyləyib ki, Türkiyə gələcək dövrdə də terrorla mübarizəni davam etdirəcək: “Hüquqi dövlət sistemimizi gücləndirəcəyik. Terror təşkilatlarının siyasətə müdaxiləsinə göz yummayacağıq. Tələbələrimizə aylıq 10 GB-lıq pulsuz internet verəcəyik. Əhalimizin yoxsullaşmasının qarşısını alacağıq. Turizm sahəsinə də əlavə investisiya ayıracağıq”.

Yenidən dövlət başçısı seçiləcəyi təqdirdə rəsmi Ankaranın həyata keçirəcəyi xarici siyasət kursu barədə danışan, R.T.Ərdoğan söyləyib ki, hazırki siyasəti davam etdirəcəklər: “Elə edəcəyik ki, dünya hüzurlü olsun. Çoxtərəfli siyasətimiz davam edəcək. Dünyada əməkdaşlıq mühitinin yaradılması üçün çalışacağıq”.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.

Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.

Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.
Xəbəri paylaş