“Ermənistanın sərhəddə təxribat törədəcəyi, mövqelərimizə qarşı hücuma cəhd göstərəcəyi gözlənilən idi. Çünki düşmən uzun müddət idi ki, burada hazırlıq görürdü. Turşsu-Xəlfəli yoluyla Ermənistandan Qarabağa silah-sursat daşınırdı. Bütün bunların fonunda hələ bir xeyli müddət əvvəl bəyan etmişdik ki, düşmənin təxribatı gözləniləndir və buna qarşı ciddi tədbirlər alınmalıdır. Təəssüflır olsun ki, proqnozlarımız özünü doğrultdu”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, baş verən növbəti təxribatın məsuliyyətini birbaşa Ermənistan hakimiyyəti və şəxsən baş nazir Nikol Paşinyan daşıyır:
“Artıq neçənci dəfədir ki, Paşinyanın erməni xislətinə uyğun gələn hiyləgərliyi özünü göstərir. Vətən müharibəsi başa çatdıqdan bu günə qədər Ermənistan baş naziri bir neçə dəfə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu deyəndən bir neçə gün sonra mövqelərimiz hücuma, təxribata məruz qalıb. Erməni baş nazir bu təxribatları Qarabağ separatçılarının ayağına yazmağa çalışsa da, ancaq reallıq ondan ibarətdir ki, təxribatlar birbaşa Paşinyanın beyninin məhsuludur. Bununla guya dünyaya o mesajı vermək istəyir ki, İrəvan sülh müqaviləsinə hazır olsa da, Qarabağ erməniləri heç bir halda Azərbaycanla razılıq əldə olunmasını istəmirlər və bu yalnız onlara muxtariyyat verildiyi halda mümkün ola bilər. Paşinyan düşünür ki, ona görə də Azərbaycan Qarabağ ermənilərinin şərtlərinə əməl etməlidir. Ancaq təbii ki, bu düşüncə olaraq qalacaq və Azərbaycan dövləti Cənab Prezidentin qeyd etdiyi kimi bir daha öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına icazə verməyəcək”.
Arzuman Muradlı qeyd edib ki, baş verən son təxribatda Ermənistan hakimiyyəti ilə yanaşı Qarabağa yerləşdirilmiş Rusiya sülhmıramlı kontingenti də məsuliyyət daşıyır.
Mehman