“Ermənistan hökumətinin Avropaya olan ümidləri də Laçında həyata keçirdikləri son təxribat hadisəsi ilə puç oldu. İrəvan düşünürdü ki, hər hansı bir təxribat hadisəsi həyata keçirəcəyi təqdirdə Avropa İttifaqının mülki missiyası birmənalı şəkildə onu müdafiə edəcək və bu da Paşinyan hakimiyyətinə təxribat xarakterli addımlarını davam etdirmək üçün stimul olacaq. Ancaq gözlənildiyindən fərqli Avropa İttifaqının mülki missiyası Laçın təxribatı zamanı İrəvanı müdafiə xarakterli hər hansı bir fikir bildirmədi. Bu da onu deməyə əsas verir ki, İrəvan Kremllə yanaşı, artıq Avropada da maraqsız, heç bir perspektivi olmayan dövlət kimi qəbul edilir”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycanın Cənubi Qafqazda mövqeyi, malik olduğu imkanlar, eləcə də ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu Bakını bu qitədə daha cəlbedici etdiyi üçün Avropa da regionda Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmağa üstünlük verir:
“Digər tərəfdən Azərbaycanın atdığı addımlar, gördüyü işlər, apardığı mübarizə haqlı mübarizədir, işğalçılıq deyil. Digər tərəfdən Azərbaycanın Vətən müharibəsindən sonra regionda həyata keçirməyi nəzərdə tutduğu yeni tranzit layihələri Avropanın özü üçün də olduqca faydalıdır. Ona görə də bu qitədə Azərbaycanın haqlı mövqeyi ilə razılaşmaq məcburiyyətindədirlər”
Mehman