Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: ”Ermənistan işğalçılıq niyyətindən əl çəkmir”

Könül Nurullayeva: ”Ermənistan işğalçılıq niyyətindən əl çəkmir”


"Ermənistanın təxribatları cavabsız qalmır və bundan sonra da qalmayacaq. Qarşı tərəf ötən gün Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu təxribat nəticəsində təəssüf ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin. Təbii ki, şəhidlərimizin qanı yerdə qalmayıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Könül Nurullayevanın sözlərinə görə, işğalçı ölkə bu cür təxribatlara əl atmaqla sülhdə maraqlı olmadığını bir daha təsdiqlədi. Beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda Ermənistanın bu cür təxribatlar törətməsi sadəcə, təəssüf doğurur:

"Rəsmi Bakı haqlı olaraq Ermənistanın bu davranışını nəinki Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması, eyni zamanda regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərir"
.
Millət vəkili qeyd edib ki, Avropa İttifaqının “mülki” missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib:

"Ermənistanın siyasi və hərbi rəhbərliyi güman edir ki, Aİ missiyasının bu ölkədə olması onlara öz yersiz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb. Amma Azərbaycan tərəfi bu regionun lokomativi kimi bütün prosesləri nəzarətdə saxlamaq əzmindədir. Hazırda vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Bölgədə baş verən bütün təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Görünən budur ki, Ermənistan heç bir halda sülh sazişinin imzalanmasını istəmir. Yaxın vaxtlarda Vaşinqtonda dialoqun davam etdirilməsinə ümidlərin artdığı bir vaxtda təxribatın baş verməsi də bunu təsdiqləyir".

Ruhiyyə
Xəbəri paylaş