Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sözü gedən qurumda təşkil edilən “FETÖ ilə Beynəlxalq Arenada Mübarizə Simpoziumu”ndakı çıxışında Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyənin və dünyanın gördüyü ən qanlı və ən təhlükəli terror təşkilatlarından biri olduğunu bildirib.
Newscenter.az xəbər verir ki, Türk millətinin və dövlətinin əsas düşməni olan təşkilatın millətin din, təhsil, vətəndaş cəmiyyəti və yardımlaşma kimi dəyərlərini və hisslərini istismar edərək böyümüş, öz çirkin məqsədlərini həyata keçirmək üçün dövlət qurumlarında məkrli şəkildə kök salmış qaranlıq bir təşkilat olduğunu vurğulayan F.Altun FETÖ-nün eyni zamanda radikal bir terror təşkilatı olduğunu söyləyib.
Paralel strukturlar yaradan FETÖ-nün xarici müdaxilələrin, sui-qəsdlərin, tələlərin, zorakılığın və terrorun qaynağına çevrildiyini bildirən Altun sözlərinə belə davam edib:
“Bu təşkilat “hədəfə aparan istənilən yol müqəddəsdir” anlayışı ilə illərcə öz maraqları üçün bu ölkəyə və bu millətə hər cür tələlər, planlar qurub, xəyanətlərlə məşğul olub. Prezidentimiz Cənab Rəcəb Tayyib Ərdoğan FETÖ-nün məkrli məqsədlərinin həyata keçməsinə imkan vermədi. FETÖ-çülərin dövlətdən tamamilə təmizlənməsi üçün başlatdığı prosesi o dövrdə bütün maneələrə baxmayaraq davam etdirdi. Hərtərəfli FETÖ təmizliyində növbə Türkiyə Silahlı Qüvvələrinə sızan təşkilat üzvlərinə gələndə, terrorçular son çarə olaraq çevriliş cəhdinə əl atdılar. Prezidentimizin liderliyi və millətin güclü və qətiyyətli dik duruşu ilə FETÖ-nün çevriliş xarakterli işğal cəhdinə imkan verilmədi”.
FETÖ ilə mübarizənin davam etdiyini qeyd edən Altun qırğında, qətliamda və tələ qurmaqda sərhəd tanımayan qanlı təşkilatın eyni zamanda sərhədləri aşan bir struktura sahib olduğunu vurğulayıb.
“Bu gün FETÖ qlobal bir terror təşkilatıdır. Şübhəsiz ki, geniş yayılmış bu beynəlxalq terror təşkilatına qarşı beynəlxalq mübarizə vacibdir. Bu mübarizəyə təşkilatın maliyyə və insan resurslarının qurudulması və terror başda olmaqla hər cür fəaliyyətinin qarşısının alınması ilə yanaşı, təbii ki, FETÖ-nün qanlı üzünün bütün beynəlxalq ictimaiyyətə göstərilməsi də daxil olmalıdır.
Bir terror təşkilatına qarşı mübarizə adıyla başqa bir terror təşkilatını dəstəkləmək və himayə etmək qlobal terrorizmi daha da alovlandırmaqdan başqa bir işə yaramayacaq. Bu gün Qərbdə PKK/PYD terror təşkilatı qorunduğu kimi, FETÖ-yə də qucaq açıldığını görürük. Xüsusilə Qərbdə müəyyən hesablar və planlar çərçivəsində FETÖ-nü guya mötədil İslamın siması kimi bazara çıxaran dairələr FETÖ-nün anti-demokratik, totalitar və terrorçu mahiyyətini gizlətməyə çalışırlar. Hər fürsətdə bu gerçəyi vurğulamalıyıq: Türkiyənin qətiyyətlə mübarizə apardığı FETÖ strukturlaşma içində olduğu bütün ölkələr üçün böyük təhlükədir. FETÖ bu cəmiyyətlər və dövlətlər üçün ciddi təhlükəsizlik problemidir. FETÖ qlobal bir terror təşkilatıdır və bu təşkilata qarşı əməkdaşlıq və həmrəylik içində beynəlxalq mübarizə aparılmalıdır. Bu səbəbdən də çox gec olmadan FETÖ-nün fəaliyyətini dayandırmaq və bu təşkilatın dağıdıcı tərəfi ilə üzləşməmiş tədbirlər görmək hər bir ölkənin və cəmiyyətin xeyrinədir”, - deyə o qeyd edib.
F.Altun Türkiyənin FETÖ ilə təkcə ölkə daxilində deyil, hüquqi və diplomatik olaraq beynəlxalq arenada da fasiləsiz və qəti şəkildə mübarizə aparmağa davam etdiyini, FETÖ üzvlərini rahat buraxmayacaqlarını və son FETÖ üzvü ədalət qarşısında cavab verənə qədər mübarizədən əl çəkməyəcəklərini sözlərinə əlavə edib.
Natiq