"Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir".
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.
"Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir", - o bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.