Əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş əsgərlərimiz Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu ilə bağlı ilk saatlardan aidiyyəti strukturlar tərəfindən zəruri axtarış və araşdırma işləri davam etdirilib.
Yayılan görüntülər və digər informasiyalar əsgərlərin Ermənistan ərazisində saxlanıldığını ehtimal etmək üçün ciddi əsas verirdiyi andan etibarən isə onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub.
Bilirsiniz ki, artıq Ermənistan tərəfi də əsgərlərin Ermənistanda saxlanması faktını təsdiqləyib. Hətta, Ermənistan parlamentinin hakim partiyanı təmsil edən üzvləri məsələ ilə bağlı müəyyən açıqlamalar yayıb, Ermənistan prokurorluğu media sorğularında məsələyə münasibət bildirib.
Aydındır ki, əsgərlərimiz Ermənistan ərazisinə hər hansı hərbi missiya ilə keçməyib. Bunu erməni tərəf də yaxşı bilir ki, hətta müharibə davam etdiyi zaman belə Azərbaycan heç vaxt 18 və 20 yaşlı iki gənc çağırışçını düşmən arxasına göndərməzdi. Yəni əsgərlərin hansısa əməliyyat tədbiri yerinə yetirməsi istisna edilir və onların əlverişsiz hava şəraitində azdığı şübhə doğurmur.
Bilirsiniz ki, Beynəlxalq Humanitar hüquqla, konkret olaraq 1949-cu il Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən hərbi əməliyyatlarda birbaşa iştirak etməyən şəxslərə, həmçinin Silahlı Qüvvələrdən olan, lakin istənilən səbəbdən əməliyyatlarda iştirakını dayandıranlara istənilən halda insani münasibət göstərilməlidir. Daha dəqiq desək, bu insanların həyatına qəsd və fiziki toxunulmazlığın pozulması, xüsusilə hər cür qətl, şikəstetmə, qəddarlıq, işgəncə və s. qəti şəkildə qadağandır. Lakin bu gün yayılan foto və videolarda ermənilər tərəfindən saxlanılan əsgərimizin işgəncə görməsi, onunla qeyri-insani və insan ləyaqətini alçaldan formada davranış aydın formada görünür. Ermənistan tərəfi indiki həssas məqamda belə davranış sərgiləməklə bir daha beynəlxalq hüquqa açıq hörmətsizlik etməklə barəbar vandal mahiyyətini və düşmənçilikdən əl çəkməyəcəyi niyyətini ortaya qoyur.
Ermənistan dərhal bu davranışlara son qoyub əsgərlərimizi geri qaytarmalıdır. Bununla İrəvan beynəlxalq hüquqa hörmətlə yanaşmaqla bərabər, həm də Azərbaycanla sülh prosesində özünün niyyətinin səmimiliyini sübut edə bilər. Əsgərlər qaytarılana qədər isə İrəvan Azərbaycan hərbçilərinə qarşı qeyri-insani davranışlara dərhal son qoyulmalı, bu prosesdə adı qeyri-insani davranış və işgəncəyə qarışan hər kəs istisnasız olaraq cəzalandırılmalıdır.
Eyni zamanda biz beynəlxalq İnsan haqları təsisatlarına çağırış edərək hər macalda erməni təəssübü çəkdikləri kimi bu dəfə də zəhmət çəkib Azərbaycan əsgərlərinə qarşı işgəncələrin durdurulması, onların Azərbaycana qaytarılmasına səy göstərməlidirlər. Əks halda onların onsuz da ciddi şübhə ilə yanaşdığımız missiyalarına ümumiyyətlə etimad qalmayacaq.
Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı