“İndiki halda Azərbaycan və Ermənistanın yüksək rütbəli rəsmiləri, XİN rəhbərləri arasında görüşün Brüssel, Moskva və ya Vaşinqtonda keçirilməsinin heç bir mənası yoxdur. Çünki görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edənlər konkret olaraq regionda sülh və təhlükəsizliyə təhdid olan Ermənistan barədə heç bir ölçü götürmürlər. Ona görə də Vətən müharibəsindən keçən 3 ilə yaxın müddətdə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşdə heç bir razılıq əldə olunmayıb”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a bildirilib ki, Ermənistan rəhbərliyi 30 illik işğal dövründəki ərköyünlük, cığallığını davam etdirir:
“Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu 30 ilə yaxın müddət ərzində də Ermənistan eyni addımı atdı, problemin sülh yolu ilə həllinə nail olmaq üçün heç bir kompromisə getmədi. O vaxt münaqişənin həlli missiyasını öz üzərində götürən ATƏT-in Minsk qrupu sülhə nail olmaq üçün Ermənistana heç bir təzyiq götərmədiyi kimi, indi də Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edən Brüssel, Vaşinqton və Moskva İrəvanı sülhə məcbur etmək məqsədilə konkret heç bir addım atmır. Bu da istər-istəməz keçirilən görüşlər və aparılan danışıqları səmərəsiz edir”.
Analitik Qrup hesab edir ki, prosesin bu cür davam etməsi erməni təxribatlarını intensivləşdirir və getdikcə Qarabağda vəziyyəti daha da gərginləşdirir.
Mehman