Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP nümayəndə heyəti İstanbulda Ayasofya məscidini ziyarət edib

YAP nümayəndə heyəti İstanbulda Ayasofya məscidini ziyarət edib


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-də İstanbulda Ayasofya məscidini ziyarət edib.

Newscenter.az xəbər verir ki, YAP İdarə Heyətinin üzvləri, deputatlar Hikmət Məmmədov, Pərvin Kərimzadə, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevdən ibarət nümayəndə heyətinə bu qədim dini məbədin tarixi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, istifadəyə verildiyi 537-ci ildən 1453-cü ilədək kilsə, həmin tarixdən 1934-cü ilədək məscid, sonradan muzey olan Ayasofya yenidən məscid-muzey kimi fəaliyyət göstərir. Türkiyə Nazirlər Kabinetinin 1934-cü il noyabrın 24-də qəbul etdiyi qərarla Ayasofya məscid kimi fəaliyyətinin dayandırıb, muzey olaraq ziyarətçilərin üzünə açılıb. 2020-ci il iyulun 10-da Türkiyənin Dövlət Şurası (Danıştay) Ayasofyanın muzey kimi fəaliyyət göstərməsi ilə bağlı 1934-cü ildə qəbul olunan qərarı ləğv edib. Həmin gün Prezident Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb. Beləliklə, 1985-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Ayasofya 86 ildən sonra yenidən müsəlmanlar üçün ibadət yerinə çevrilib.

Nümayəndə heyətinin üzvləri Ayasofya məscidi ilə tanışlıqdan sonra vətəndaşlara söhbət ediblər. Bildirilib ki, Türkiyə-Azərbaycan birliyi dünyada və regionda böyük əhəmiyyətə malikdir. Vətəndaşlar da “Bir millət, iki dövlət” tezisini bir daha xatırladıblar.

Sonra nümayəndə heyəti Fatih Bələdiyyəsinin nəzdindəki kitabxanada olub. YAP nümayəndə heyətinin üzvlərinə kitabxananın fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, buradakı kitab fondu həm tələbələr, həm də vətəndaşlar üçün əlçatandır.

Nümayəndə heyətinin üzvləri daha sonra Bağcılar Bələdiyyəsinin təşkil etdiyi xalq iftar mərasimində iştirak ediblər.

Dostluq və qardaşlıq mesajlarının verildiyi iftar mərasimində dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı bir daha vurğulanıb. Bildirilib ki, Azərbaycan və Türkiyə tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar. Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli inkişaf yolu keçib və dünyada söz sahibinə çevrilib.

YAP nümayəndə heyəti İstanbulun Zeytinburnu ərazisindəki İmam Cəfəri Sadiq məscidində yerli sakinlərlə görüşüb. Görüşdə Azərbaycanın və Türkiyənin vahid yumruq kimi bütün milli hədəfləri reallaşdırmaq əzmində və iqtidarında olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında münasibətlər ölkələrimizin rəhbərləri tərəfindən daha yüksək səviyyəyə çatdırılmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Bununla da YAP nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb.

Mehman
Xəbəri paylaş