İranın Təbriz, Urmiya və Kərəc və digər şəhərlərindəki məktəblərdə şagirdlər zəhərlənib.
Bu barədə Newscenter.az xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, onlar kimyəvi qazdan zəhərləniblər. Qeyd edilir ki, Təbrizdə hadisədən xəbər tutan valideynlər məktəbin qarşısına toplaşaraq təcili yardım maşınını gözləyiblər.
Hadisədən sonra məktəbin direktoru şagirdlərə küçəyə çıxmağa icazə verməyib, valideynlər övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilməmələrinə etiraz ediblər.
Hadisə ilə bağlı rəsmi açıqlama verilmir. Eyni zamanda zəhərlənən şagirdlərin sayı açıqlanmır.
Xatırladaq ki, İranda əsasən qızların təhsil aldığı orta məktəblərdə kütləvi zəhərlənmə halları 2022-ci ilin 30 noyabrında başlayıb. İndiyədək 250-yə yaxın məktəbdə 5 mindən çox şagird qidadan zəhərlənib.
Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, başağrısı və digər əlamətlər müşahidə olunur.
İranın Daxili İşlər Nazirliyi martın 11-də ayrı-ayrı şəhərlərdəki məktəblərdə baş verən kütləvi zəhərlənmə hadisələrində şübhəli bilinən 100-dən çox insanın saxlanıldığını bildirib.
Anar TAGIYEV