Marneuli şəhərindəki Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminovun təşəbbüsü ilə Müqəddəs Ramazan ayının ayinlərinə uyğun iftar mərasimi təşkil edilib. Mərasimdə Azərbaycan və Türkiyə Səfirliklərinin nümayəndə heyətləri ilə yanaşı, Marneuli Bələdiyyə Məclisi sədrinin müavini Rövşən İsgəndərov, tanınmış el ziyalısı professor Mahmud Kamaloğlu, ruhanilər, ağsaqqallar, ziyalılar və gənc nəslin nümayəndələri iştirak ediblər.
Newscenter.az xəbər verir ki, ruhanilər tərəfindən Müqəddəs Qurani-Kərimin ayətləri və iftar dualarının oxunması ilə başlanan tədbirdə söz alan Hacı Etibar Eminov Gürcüstanda müsəlman icmasına dini etiqadlarının azadlığı sahəsində yaradılan münbit şəraiti təqdir edib. O, son dövr ərzində müqəddəs İslam dəyərlərini rəhbər tutan şəxslər sayının xeyli çoxaldığını milli-mənəvi dirçəlişin əhəmiyyətli əlaməti vurğulayıb və bütün dindarları qarşıdan gələn Ramazan Bayramı münasibətilə təbrik edib.
Azərbaycan Səfirliyinin nümayəndəsi çıxışında Gürcüstandakı soydaşların milli-mənəvi dəyərlərə sadiq qaldığını, daim həm ülvi mənəvi dəyərlərə, həm də el-obanın adətlərinə bağlı olduğunu vurğulayıb. Aşıq sənətinin beşiyi olan bu ellərdə hər zaman həmrəylik və qardaşlıq ruhunun hökm sürməsi təqdir edilib. Bunun bariz təzahürləri kimi, Gürcüstan azərbaycanlılarının 2020-ci il 44 günlük Vətən Müharibəsi, eləcə də cari ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı göstərdiyi könül saflıqları və həmrəyliyi qeyd edilərək, bunun bütün Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyi vurğulanıb. Eyni zamanda, Azərbaycan Respublikasında dini etiqadların azadlığının, bu sahədə sağlam abı-havanın təmin edilməsi, müqəddəs ocaqların bərpası və ümumiyyətlə mənəvi dirçəliş istiqamətində əldə edilən nailiyyətlər və onların tacı, eyni zamanda Ədalətin təntənəsi olan şanlı Zəfərin mənəvi əhəmiyyəti vurğulanıb. İftar məclisinə qatılanlara hər cür uğurlar arzulanaraq, mövcud həmrəyliyin daim hökm sürəcəyinə dair əminlik ifadə edilib.
Türkiyə Səfirliyinin dini məsələlər üzrə müşaviri yığışanlara İslamın hamını dəvət etdiyi qardaşlıq ruhunun qorunub-saxlanması yolunda əməlli şərtlərdən geniş bəhs edərək, dəyərli nəsihətlərini verib. Professor M.Kamaloğlu da el arasında əsrlər boyu özünü göstərmiş mənəvi dəyərlərə bağlılığı, bununla əlaqədar aşıq sənətində də əks etdirilən məqamları qeyd edərək, gənc nəslin milli-mənəvi dəyərlərə sadiqliyini xüsusilə vurğulayıb. Marneuli Bələdiyyə Məclisinin sədr müavini R.İsgəndərov da öz çıxışında Gürcüstan dövlətində dini etiqadların yerinə yetirilməsi sahəsində yaradılan azad şəraitə görə təşəkkür bildirib, Marneuli camaatının bu azadlıqdan faydalanaraq öz milli-mənəvi dəyərlərini qoruyub saxladığını vurğulayıb. İftar zamanı Gürcüstan, Azərbaycan və Türkiyə qardaşlığının həmişə öndə tutulması, bu qardaşlıqdan qürur duyulması bəyan edilərək, hər üç dövlətin nümayəndələrinin iftar mərasiminə qatılması təqdir edilib.
Mehman