Tərtər rayonunda bir nəfər minaya düşərək xəsarət alıb.
Bu barədə Newscenter.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndi ərazisində keçmiş təmas xəttinə yaxın, minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Partlayış nəticəsində 1980-ci il təvəllüdlü Əsgərov Elnur Asif oğlu xəsarət alıb. Xəsarət alan şəxs Tərtər rayon xəstəxanasına yerləşdirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 18-i Tərtər rayonunun Borsunlu kənd sakini 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində xəsarət alıb. E.Əsgərov xəstəxanaya yerləşdirilib:
"Həyati təhlükəsi yoxdur.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Həmçinin qeyd edilib ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 291 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 240 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.