Milli Həmrəylik Partiyasının (MHP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Newscenter.az MHP mətbuat xidmətinə istinadən təbriki təqdim edir:
“Əziz soydaşlar!
Sizi - Vətənimiz Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan bütün bacı və qardaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.
İslam dininin ən gözəl rituallarından və ibadətlərindən biri sayılan orucluq başa çatdı və bu gün biz hamılıqla Ramazan bayramını qeyd edirik. Şükürlər olsun ki, sağlamlığımız, iradəmiz bu il də oruc tutmağa imkan verdi. Mən oruc tutan soydaşlarımızın hər birinə gələcəkdə də eyni sağlamlıq, eyni iradə və eyni ruhla orucluğun gözəlliklərini, fəzilətlərini yaşamağı və neçə-neçə Ramazan orucunun bitməsini qeyd etməyi arzulayıram. Təki Uca Allah möhlət və imkan versin ki, ömrümüzün sonuna kimi bu müqqədəs ayı hər il böyük sevgi ilə qarşılayaq və tükənməz inamla, imanla oruc tuta bilək.
Səhhətinə, işinə və digər səbəblərə görə oruc tuta bilməyən, amma ruhən, qəlbən daim oruc ovqatı ilə yaşayan işıqlı insanlarımız üçün də dua edirik ki, qarşıdakı illərdə onlara da Ramazan ayının ayinlərini icra etmək, bayram coşğusunu yaşamaq nəsib olsun.
Ramazan ayı birlik, həmrəylik ayıdır. Bu ayda cəmiyyətdəki yerindən və nüfuzundan, sosial zümrəsindən, milli mənsubiyyətindən və siyasi əqidəsindən asılı olmayaraq hamı bir araya gəlir, hamı eyni hissləri yaşayır, eyni duaları pıçıldayır və bir süfrə ətrafında cəmləşir. Orucluq hamını bərabərlik duyğusuna, birlik ovqatına kökləyir.
Hər kəsə mərhəmət duyğusu aşılayan, insanlarımız arasında vəhdət və həmrəyliyi gücləndirən Ramazan ayı artıq neçə əsrlərdir ki, milli-mənəvi dəyərlərimizdən birinə çevrilib. Biz məhz Ramazan ayının, Novruz bayramının, Qurban bayramının birlik və bərabərliyə dəvət edən, mənəvi saflığa və mübarizəyə çağıran prinsiplərinə söykənərək öz milli varlığımızı qoruyub saxlamışıq.
Son 30 ildə bu bayramlar həm də Qarabağımızın işğaldan azad edilməsinə həsr edilən dualarla başa çatırdı. Hamımız dua edəndə işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasını dilə gətirirdik. Uca Yaradanımız dualarımızı eşitdi, dualarımızın gerçəkləşməsinə yol açdı, Şanlı Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandı, torpaqlarımız mənfur düşmən tapdağından azad olundu. Odur ki, bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini dərin ehtiram hissilə yad edirik. Bütün şəhidlərimizin ruhları şad olsun.
Bu əziz bayramda hər bir soydaşımıza xoş ovqat və bol sevinc, mənəvi rahatlıq arzulayıram. Prezident və Ali Baş Komandan İlham Əliyevi də Ramazan bayramı münasibətilə təbrik edir, ona da Milli Həmrəylik Partiyasının bütün üzvləri adından daha güclü Azərbaycan naminə uğurlar diləyirəm.
Qoy, Azərbaycana erməni faşizminin və separatçılığının kökünü tamamilə kəsmək, Cənubi Qafqaza qalıcı sülh və əminəmanlıq gətirmək nəsib olsun. Xalqımız daim güclü və qüdrətli Azərbaycanda yaşasın. Hər bir soydaşımıza rifah içində yaşamağı, xoşbəxt ömür sürməyi arzu edirəm.
Daim bir olaq, birlik olaq, həmrəy olaq, güclü olaq, qalib olaq! Tanrı qalib Azərbaycanı qorusun! Ramazan bayramınız mübarək olsun!
Mehman