Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın bütün ərazisində suverenliyimizin təsbiti baxımından önəmli addımı -ÖZƏL

Azərbaycanın bütün ərazisində suverenliyimizin təsbiti baxımından önəmli addımı


“Azərbaycan-Ermənistan sərhəddində Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqsinin qurulması zərurəti uzun müddətdir ki, ortaya çıxmışdı. Belə ki, həmin yoldan Ermənistan tərəfinin sui-istifadə etməsi göz önündə idi. Özündə əslində humanitar məqsədləri ehtiva edən yoldan silah-sursat, mina daşınması üçün istifadə olunduğu bir faktdır və kiminsə bunu inkar etməsi mümkünsüzdür. Azərbaycan tərəfi olaraq müvafiq qurumlarımız dəfələrlə bununla bağlı həm rus sülhməramlılarının, həm də ayrı-ayrı beynəlxalq təşkilatların qarşısında məsələ qaldırıblar və hətta müvafiq notalarımız da olub”.

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O təəssüf hissi ilə qeyd edib ki, həmin yola nəzarət etməli olan Rusiya sülhməramlıları da üzərlərinə düşən vəzifələri düzgün yerinə yetirməyərək və ya yetirmək istəməyərək bir çox hallarda Ermənstan tərəfinin bu özbaşınalığına göz yumur və hətta həmin silahların daşınmasında iştirak edirdilər:

“Nəticdə həmin yolun nəzarətdən kənarda qalması faktiki olaraq separatçı rejimin silahlandırılmasına, ərazilərimizdə hələ də qalmaqda davam edən 10 mindən artıq terrorçu erməni hərbi birləşmələrinə silah sursat və mina daşınmasına xidmət edirdi”.

Yusif Bağırzadə deyib ki, üçtərəfli bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verilməsi ilə bağlı öhdəlik götürüb:

“Əgər biz həmin yola nəzarət etmiriksə və o yoldan kim istəsə, nə istəsə daşıya bilərsə, o zaman verdiyimiz öhdəliyi necə yerinə yetirə bilərik. Axı bu öhdəlik eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını da ehtiva edir. Demək ki, müvafiq sərhəd buraxılış məntəqəsinin qurulması zəruri idi və bu da həyata keçirildi. Başqa sözlə desək Azərbaycan sərhəd buraxılış məntəqəsi qurmaqla faktiki olaraq təhlükəsizliyin təminatı ilə bağlı öhdəliklərini yerinə yetirib. Ermənilərin və eləcə də onların havadarlarının bu məsələ ilə bağlı təlaşı da anlaşılandır, çünki nəzarət-buraxılış məntəqəsinin inşa edildiyi körpü Qərbi Zəngəzurdan Xankəndiyə gedən yeganə yolun üzərindədir. Həmin yolun isə ümumiyyətlə, alternativi yoxdur. Düşünürəm ki, bu hadisə təkcə qanunsuz hərbi birləşmələrin təchzitaının qarşısını almayacaq, eyni şəkildə həm Ermənistanın, həm də separatçı rejimin bundan sonra ağıllarını başlarına yığmasına təkan verəcək. Üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən hər vəchlə yayınan və sülh danışıqlarını sabotaj edən Ermənistan tərəfi nəhayət ki, bunun fayda verməyəcəyini anlayacaq və dərk edəcək ki, revanşist bəyanatlar səsləndirməklə, müxtəlif yollardan sitifadə edərək separatçı rejimə dəstək verməklə nəyəsə nail olmaq mümkün olmayacaq”.

Politoloq deyib ki, digər tərəfdən, Ermənistan Soçi və Praqa görüşləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyib, tərəflərin Almatı Bəyannaməsinə və BMT Nizamnaməsinə uyğun birgə hərəkət etməsi qeydə alınıb:

“Eyni zamanda Ermənistan baş naziri Nikol Paşinyan bu yaxınlarda parlamentdə çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə dair Soçi və Praqa görüşlərinin əhəmiyyətini vurğulayıb. Ona görə də Azərbaycanın Həkəri çayı üzərində Ermənistanla Laçın rayonunu birləşdirən kommunikasiya xəttində sərhəd-buraxılış məntəqəsini qurması həm də beynəlxalq hüquqa söykənir. İstənilən dövlətin öz sərhədləri daxilində nəzarət-buraxılış, yoxlama məntəqələri, yaxud postları yaratması onun suveren və danılmaz hüququdur. Bu mənada demək olar ki, Azərbaycanın adı çəkilən ərazidə sərhəd-buraxılış məntəqəsi qurması həm də beynəlxalq hüququn fundamental norma və prinsiplərindən irəli gəlir”.
Politoloq sonda bir daha vurğulayıb ki, Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir:

“Azərbaycanın bütün ərazisində suverenliyimizin təsbiti baxımından önəmli addımdır. Eyni zamanda onu da bildirim ki, Laçın yolu üzərində nəzarətin həyata keçirilməsi ümumiyyətlə regionun təhlükəsizliyinə də öz töhfəsini verməklə yanaşı Zəngəzur dəhlizi layihəsinin reallaşmasını da sürətləndirəcək”.

Mehman
Xəbəri paylaş