Azərbaycan tədricən mərhələ-mərhələ qarşısına qoyduğu hədəflərə, öz ərazi bütövlüyünü tamamilə bərpa etməyə nail olur. Həftə sonu Laçın rayonunun girişində Azərbaycanın nəzarət buraxılış məntəqəsinin quraşdırılması bunun əyani sübutudur.
Elə politoloq Samir Hümbətov da bu qənaətdədir. Politoloq Newscenter.az-a bildirib ki, Azərbaycan müstəqillik əldə etdiyi dövrdən etibarən ilk dəfədir dövlət sərhədlərimiz tam şəkildə nəzarətimizə götrülüb:
"10 Noyabr 2020-ci ildə 44 günlük II Qarabağ müharibəsinin başa çatmasını bildirən üçtərəfli bəyannamənin imzalanması ilə Laçın dəhlizi müqavilənin şərtlərinə uyğun olaraq Rusiya "sülhməramlıları"nın nəzarəti altında idi. Amma təəssüflə demək lazımdır ki, 2 il 5 ay 13 gün ərzində Ermənistan və Qarabağdakı separatçı qüvvələr tərəfindən hər cür təxribatlar və qanunsuzluqlar baş vermiş, "sülhməramlılar" isə bütün baş verənləri sanki görməzdən gəlirdilər. Hətta onu qeyd etmək olar ki, Fransada prezidentliyə namizəd Valeri Pekresin, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etməsi üçün şərait yaradılmasının da məsuliyyəti məhz Rusiya "sülhməramlıları"nın üzərinə düşürdü".
Politoloq deyib ki, baş vermiş bütün hadisələrin əsas kökündə dayanan səbəblərin birincisi isə Rusiya "sülhməramlıları" tərəfindən Laçın dəhlizinə nəzarətin düzgün təşkil etməməsi idi:
"Azədbaycan tərəfi ən yüksək səviyyədə xəbərdarlıq edərək 10 Noyabr üçtərəfli bəyannamənin şərtlərinin icrasının vacibliyinə vurğu etmişdir. Təbii ki, nə Ermənistan, nə Rusiya, nə də Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejim bu xəbərdarlıqlara ciddi əhəmiyyət verməməyə çalışırdılar. Azərbaycan üçün qırmızı xəttin tapdanması ötən ilin dekabr ayının 3-dən başladı. Məmurlarımızın və mediamızın Azərbaycanın suveren ərazilərinə buraxılmaması artıq bardağı daşırtdı. Həmçinin demək lazımdır ki, Fərrux əməliyyatı ilə Azərbaycan səssiz diplomatiya yolunu tutmağa başladı. Yəni səssiz və planlı şəkildə əməliyyatları keçirməklə əsas strateji nöqtələr Azərbaycanın nəzarətinə keçməyə başladı. İndi artıq Laçın dəhlizi Azərbaycanın nəzarətindədir".
Samir Hümbətov hesab edir ki, bu addım çox doğru və zamanında atılmış addımdır:
"Azərbaycan prezidenti cənab İlham Əliyev son zamanlar açıq mətnlə qarşı tərəfə verdiyi mesajlar artıq təcrübədə öz əksini tapmağa başlayıb".
Anar