Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kimlər mediator ola bilər? -ÖZƏL

Kimlər mediator ola bilər?


Məlum olduğu kimi 29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılıb, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılmış və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilib.

Mediasiya Şurasının ilk üzvü olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası 3 mart 2020-ci il tarixində ilk mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilib. 20 oktyabr 2020-ci il tarixində ilk dəfə Mediasiya Şurasına müraciət etmiş 17 namizədin mediator qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi barədə qərar verilib. Hazırda mediatorların ilkin hazırlığı üzrə təlimləri keçib, sertifikat əldə etmiş üzvlərin Şuraya üzvlüyə qəbulu davam etməkdədir. Maraqlıdır ki, mediator kimlər ola bilər?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova bildirib ki, Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən mediator olmaq istəyən fiziki şəxs ali təhsilə malik olmalı, 25 yaşı tamam olmalı, ən azı 3 illik iş stajına malik olmalıdır. Həmçinin, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək sertifikat əldə etməlidir".

Vəfa Qədirova bildirib ki, Mediasiya Şurasının üzvlüyündən çıxarılmış fiziki şəxs bu qərar qüvvəyə mindiyi tarixdən 1 il keçdikdən sonra yenidən qanunla müəyyən edilmiş qaydada Mediasiya Şurasna müraciət edə bilər. Vəkil kimlər mediator ola bilməz, ona da aydınlıq gətirib:

"Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər, həmçinin, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər mediator ola bilməz. Onu da qeyd edim ki, mediator qanunla qadağan olunmayan istənilən digər fəaliyyətlə məşğul ola bilər".

İnqilab
Xəbəri paylaş