Sertifikatlaşdırma prosesi ilə bağlı növbəti görüş ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün təşkil olunub.
Newscenter.az xəbər verir ki, paytaxtdakı 276 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli, Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Mərkəzin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, Azərbaycan dili və ədəbiyyat üzrə mütəxəssis Saməddin İbrahimov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, paytaxtın Yasamal, Nəsimi, Səbail, Binəqədi və Nərimanov rayonları üzrə ümumi təhsil məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb.
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimləri məlumatlandırıblar.
Dünya ölkələrində təhsil işçilərinin sertifikatlaşdırılması təcrübəsindən bəhs edən BŞTİ-nin müdir müavini Anar Məmmədov müəllimlərin öz səriştələrini artırmaq baxımından bu prosesin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə, həmçinin sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səslənib, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb.
Görüşdə çərçivə sənədinə dair müvafiq fənlər üzrə təqdimatlar dinlənilib, imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.
R.Mehdiyeva