Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Yan Liddell-Qrancer və Liz Kristofersen, eləcə də Ermənistan üzrə həmməruzəçilər Kimmo Kilyunen və Boriana Aberq Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsi ilə bağlı bəyanat yayıblar. Sənəddə Azərbaycana Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətini təmin etmək çağırışı edilib.
Məsələ ilə bağlı Newscenter.az-a fikirlərini bölüşən “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı AŞPA həmməruzəçilərinin bəyanatını həm obyektivlikdən kənar, həm də Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirib. İctimai Birlik sədri qeyd edib ki, həmməruzəçilərin bəyanatında qeyd edildiyinin əksinə olaraq Laçın dəhlizi hər iki istiqamətə insanların, nəqliyyat vasitələri və yüklərin daşınması üçün açıqdır:
“Neçə olur ki, AŞPA həmməruzəçiləri gün ərzində onlarla nəqliyyat vasitəsinin Laçın dəhlizindən keçməklə Xankəndi və ya əks istiqamətə hərəkət etdiyini görmür? Yaxud BQXK avtomobilləri, təcili tibbi yardım maşınları, sadə erməni sakinlərinin heç bir problemlə qarşılaşmadan ərazidən keçib hər iki istiqamətdə hərəkət edə bilmələrini nə üçün nəzərə almırlar. Azərbaycanlı həkimlərin erməni sakinə necə yüksək səviyyəli tibbi xidmət göstərdiyi, onu Azərbaycana məxsus maşınla Xankəndinə apardıqları hər kəsin, beynəlxalq birliyin gözü qarşısında baş verdi. Əgər yol həmməruzəçilərin iddia etdiyi kimi bağlı olsaydı, o zaman gün ərzində onlarla avtomobil, Rusiya sülhməramlıları və BQXK-yə məxsus maşınlar ərazidən necə keçə bilərdi?”.
Arzuman Muradlı hesab edir ki, AŞPA həmməruzəçilərinin məlum bəyanatı erməni lobbisi və diasporunun sifarişi əsasında hazırlanıb.
Mehman