Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Yan Liddell-Qrancer (Birləşmiş Krallıq) və Liz Kristofersen (Norveç) və Ermənistan üzrə həmməruzəçilər Kimmo Kilyunen (Finlandiya) və Boriana Aberq (İsveç) Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsi ilə bağlı bəyanat yayıblar.
Bəyanatda bir sıra məqamlar diqqət çəkir:
Birincisi, bəyanatda 2022-ci il dekabrın 16-da Laçın dəhlizi ilə sərbəst hərəkəti bərpa etməyə çağırış növbəti dəfə təsdiqlənib.
İkincisi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinad edilərək, Azərbaycanın “Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətini təmin etmək” üçün sərəncamında olan bütün tədbirləri görmək çağırışı edilib.
Üçüncüsü, həmsədrlər sərhəd məsələləri üzrə danışıqları aktivləşdirməyə və bütün mübahisələri sülh yolu ilə həll etməyə çağırıblar.
AŞPA-nın Azərbaycan və Ermənistan üzrə həmməruzəçilərinin Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsi ilə bağlı bəyanat yayması doğru addım deyil. Ümumiyyətlə, bəyanatda əks etdirilən məqamlarda qərəz olduğu görünür.
Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasına baxmayaraq, sülhməramlıların humanitar yardım yüklərinə heç bir problem yaratmır. O cümlədən, Xankəndidəki xəstələrin İrəvana daşınması da təmin edilir. Bunu rahat şəkildə peyk vasitəsilə müəyyən etmək mümkündür.
Aydın məsələdir ki, AŞPA nümayəndələri bu bəyanatı erməni lobbisi və diasporunun sifarişi əsasında verib. Məsələ ondadır ki, Laçın Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir və rəsmi Bakı bu və ya başqa ərazisində nə edəcəyini özü təyin edir. Hansısa ölkənin və ya beynəlxalq təşkilatın bu istiqamətdə təklifi, iradı, bəyanatı həmin ölkənin daxili işinə qarışmaq, ərazi bütövlüyünə hörmətsizlikdir.
Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması erməni lobbisi və diasporunu ciddi şəkildə narahat edir. Nəzarət-buraxılış məntəqəsi (NBM) quraşdırılan körpü Qərbi Zəngəzurdan (İrəvandan) Qarabağa (Xankəndiyə) yeganə yolun üzərindədir. Bu yolun isə alternativi yoxdur. Bunu bilən erməni tərəfi əlindəki bütün resurslardan istifadə edərək beynəlxalq ictimaiyyət nəzdində Azərbaycanı erməniləri blokadaya almaqda ittiham edir.
Turan Rzayev-politoloq