Paytaxtdakı 276 nömrəli tam orta məktəbdə “XXI əsr məktəb-şagird-ailə üçbucağı beynəlxalq və yerli təcrübə prizmasından” mövzusunda görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Corc Vaşinqton Universitetinin professoru Elizabet Qrant, ADA Universitetinin Təhsil İnstitutunun dekanı Ülviyyə Mikayılova, Avropa Azərbaycan Məktəbinin direktoru, Beynəlxalq Məktəblər Şurası (CIS) İdarə heyətinin üzvü, Qafqaz və Orta Asiya üzrə Beynəlxalq Bakalavriat məktəbləri Assosiasiyasının sədri Françesko Bankini, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov və Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova, məktəb direktorları, direktor müavinləri və psixoloqlar iştirak ediblər.
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev çıxış edərək təhsil müəssisələrində tədrisin effektiv idarə olunması, təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərdən danışıb.
BŞTİ-nin müdir müavini Anar Məmmədov paytaxt məktəblərinin fəaliyyəti, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, məktəb-valideyn əməkdaşlığının mövcud vəziyyəti barədə məlumat verib. A.Məmmədov valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirakını mühüm amillərdən olduğunu qeyd edib. Bildirib ki, məktəb-şagird-ailə əməkdaşlığı şagirdlərin təlim-tərbiyəsində səmərəliliyin artırılmasına, tədrisin nəticələrinin yüksəlməsinə, valideynlərlə məktəb arasında daha yaxşı ünsiyyət mühitinin genişlənməsinə şərait yaradır.
Təhsil İnstitutunun direktoru R.Əzizov, Avropa Azərbaycan Məktəbinin direktoru F.Bankini, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti A.Cahangirov və digər çıxış edənlər şagird-valideyn-müəllim üçbucağının uğurlu alınması üçün valideynlərin təhsil prosesinə yönləndirilməsini ən əhəmiyyətli məsələlərdən biri kimi səciyyələndiriblər. Qeyd ediblər ki, bu işin daha şəffaf və səmərəli şəkildə təşkil olunması, valideynlərin məktəblərə cəlbi, əməkdaşlıq platformasının genişləndirilməsi istiqamətində məzmunlu layihələrin icrası vacib amillərdəndir.
Görüşdə “Xoşbəxt şagirdlər məktəbi ideyasını reallaşdırmaq mümkündürmü?”, “Valideynlərin maarifləndirilməsi məktəbin ən ümdə vəzifəsidir”, “Valideyn-məktəb, şagird-məktəb, valideyn-şagird-məktəb sistemlərində nələrin dəyişdirilməsi vacibdir? “”Z” və “A” nəsillərindən olan şagirdlərimizi tanıyırıqmı, onlarla pedaqoji prosesi düzgün qura bilirikmi?” və digər mövzular ətrafında panel müzakirələr aparılıb.
Qeyd edək ki, görüş Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyası, ABŞ-ın Corc Vaşinqton Universiteti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
R.Mehdiyeva