Azərbaycanın Xankəndi və ətraf ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkov Rusiya müdafiə nazirinin müşaviri, general-polkovnik Aleksandr Lentsov ilə əvəzlənib. General Volkovun general Lensovla əvəzlənməsinin Azərbaycanın Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında Sərhəd Buraxılış Məntəqəsini (SBM) qurmasından sonra tətbiqi sözsüz ki, bir-biri ilə bağlı məsələdir. Əvvəla qeyd edim ki, bir müddət əvvəl Rusiya XİN-nin başçısı Lavrovun Azərbaycanın Laçın - Xankəndi yolunda SBM-nin qurması ehtimalına qəti etirazı fonunda Azərbaycanın buna məhəl qoymadan sözü gedən SBM-ni qurmasından sonra, Rusiyanın sülhməramlı kontingentinə komandan dəyişikliyi ilk növbədə Rusiyanın imicini, nüfuzunu qorumaq cəhdidir. Rusiya mediasında Azərbaycanın Ermənistanla sərhəddə həmin SBM-nin açılmasına güya Rusiya Müdafiə Nazirliyinin razılıq, yaxud icazə verməsi kimi fikirlərin səslənməsi Rusiyanın nüfuzunu qorumaq üçün növbəti cəhdidir.
Rusiya dövlətinin təsirinin zəifləməsini maskalamaq, siyasi-hərbi uğursuzluğuna bəhanə tapmaq üçün "günah keçisi" kimi artıq keçmiş komandan Volkov təyin edilib. Hərçənd ki, general Volkov öz tamahı ilə sözün əsl mənasında nəticə etibarı ilə Azərbaycanın işinə yaradı. Təbii ki, general Volkov Moskvadan aldığı təlimata uyğun hərəkət etsə də, həm də vəziyyəti öz şəxsi maraqları ilə uzlaşdıra bilmişdi. Müəyyən mənada general Volkov erməni separatçılarının təsirinə düşərək Azərbaycan maraqlarına qarşı "naqlost" nümayiş etdirirdi. Azərbaycan ekofəallarının, ictimai aktivistlərinin Laçın - Xankəndi yolunda keçirdiyi aksiya erməni separatçıların cənbəri qısaldığından Volkov üçün yeni "imkanlar" yaranmışdı. Silah-sursat qaçaqmalçılığı, erməni separatçıların, adi ermənilərin daşınması-keçirilməsi, İrandan terrorçuların Xankəndinə gətirilməsi və əksinə çıxarılması general Volkovun biznesinə çevrilmişdi. Üstəlik Azərbaycanın təbii sərvətlərinin talanmasına şərik çıxması Volkovu sülhməralıdan çox talançıya, "moradyor"a bənzədirdi.
Azərbaycanın Laçın - Xankəndi yolunun başlanğıcında SBM-ni qurmağından sonra Volkovun Lentsovla əvəzlənməsi ümumi vəziyyətə də aydınlıq gətirir. Bu fakt həm də onu təsdiq edir ki, Volkov Azərbaycanın mümkün addımlarından ya xəbərsiz olub, ya da Azərbaycan belə bir qəti addım atacağına inanmaylb. Hər bir halda Kremlə dolğun məlumatı ötürə bilməməsi də göz qabağındadır. Həm də bu fakt ona sübutdur ki, Azərbaycan Ordusunun peşəkarlığı, sirliliyi çox yüksək səviyyədədir. Digər tərəfdən, Rusiyanın Ukraynaya müharibəsi ilə özünün və Putin hakimiyyəti üçün elə təhlükələr yaradıb ki, real olaraq mövcudluğu belə böyük sual altına düşüb. Yeri gəlmişkən, Çinin açıq, publik şəkildə Rusiya ilə müttəfiqlik istəyindən imtina etməsi Rusiyanın taleyinin çətin sınaqlar qarşısında olduğuna işarədir.
O ki, qaldı Lentsovun şəxsinə və bioqrafiyasının müharibə təcrübəsi ilə zəngin olmasına, hesab edirəm ki, Lentsovun hansı bacarığa sahib olmasından asılı olmayaraq onun imkanları ona yaradacağımız şərait, vəziyyətdən asılıdır. Elə ruslar demişkən, əgər məlumatlıyıqsa - deməli hazırlıqlıyıq. Bir əsas şərt də odur ki, Azərbaycan kiminsə planının iştirakçısı deyil, əksinə Azərbaycan planlı şəkildə özü reallıqlar yaradır və maraqlı tərəflər isə prosesdən kənarda qalmamağa çalışır.
Azərbaycanın faktiki olaraq BMT TŞ-nın beş daimi üzvlərindən üçünün: ABŞ, Rusiya, Fransanın və eləcədə Aİ-nın qəti etirazına baxmayaraq Laçın-Xankəndi yolunun başlanğıcında SBM-nin işinə başlatması Azərbaycanı siyasi-hərbi baxımdan güc mərkəzi kimi təsdiq edir və təbii ki, bu reallığa qarşı çıxan qüvvələrin dağıdıcı fəaliyyətinin də artacağı məlumdur. Həqiqət budur ki, 44 günlük Vətən müharibəsindən sonra Laçın - Xankəndi yolunun başlanğıcında SBM-nin qurması ən mühüm addımdır hansı ki, Azərbaycan bütün sərhədlərini qapadaraq faktiki ərazi bütövlüyünü bərpa etmişdir.
Azərbaycan Laçın-Xankəndi yolununun başlanğıcında SBM qurması ilə Ermənistanda daxili siyasi vəziyyət olduqca gərginləşib və hətta məsələ ilə bağlı Ermənistan Beynəlxalq Məhkəməyə müraciət edərək vəziyyətdən çıxmağa çalışır. Paşinyanın Parisə, Moskvaya, Vaşinqtona, Brüsselə zənglərinin əhəmiyyətsiz və Azərbaycana heç bir təsir imkanlarının olmamasının göstəricisidir, baxmayaraq adı çəkilən tərəflər bəyanat və açıqlamalarla çıxış edirlər.
Azərbaycan öz ərazisinə giriş-çıxışa nəzarət etməsi Beynəlxalq hüquqa əsalanan leqitim müstəsna suveren hüququdur. Siyasi-hərbi, iqtisadi baxımdan güclü dövlət kimi, Azərbaycan öz qanuni və ədalətli haqqını ancaq öz imkanlarına arxalanaraq qoruması məhz kənardan heç kimdən asılı olmayan, təsir edilə bilməyən reallıqlar yaradır.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas