Özbəkistan Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə «Heydər Əliyev Azərbaycan-Özbəkistan dostluğunun və strateji əməkdaşlığının banisi» adlı Beynəlxalq konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistan Senatının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq Konfransda səfirlər, diplomatlar, hər iki ölkənin deputatları, rektorlar, Ulu öndər Heydər Əliyevlə birgə çalışmış Özbəkistanın nüfuzlu şəxsləri, ölkənin dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Konfrans iştirakçıları ilk öncə Universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar.
Konfransı Özbəkistan Ali Məclisinin Senatı sədrinin birinci müavini Sadıq Safayev açaraq dünya şöhrətli siyasətçi Heydər Əliyevin zəngin siyasi fəaliyyəti haqqında danışmış, Ulu öndərin Sovetlər dövründə SSRİ rəhbərliyində çalışarkən Azərbaycanla yanaşı, digər müttəfiq respublikalar, o cümlədən Özbəkistan üçün yüksək xidmətlərini qeyd etmiş, müstəqillik əldə etdikdən sonra isə ilk dəfə olaraq ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasında Heydər Əliyevin müstəsna rolunu vurğulamışdır. O, Heydər Əliyevin daim dövlətinin və xalqının maraqlarını qoruyaraq, Azərbaycanın müstəqilliyinin xilaskarı kimi xarakterizə etmiş, bugünki müstəqil Azərbaycanın uğurlarının əsasçısı olduğunu qeyd edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev müasir Azərbaycan dövlətinin və azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevin Vətən qarşısında xidmətlərindən danışmışdır. Səfir Azərbaycan üçün olduqca mürəkkəb və təzadlı bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan və ölkəni vətəndaş müharibəsi, parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müstəqil və nüfuzlu dövlət kimi dünyada tanındığını və ölkəmizə hörmət edildiyini qeyd edib.
Hüseyn Quliyev Heydər Əliyevin əsasını qoyduğu sabitlik, inkişaf strategiyasını onun oğlu və layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini, bütün sahələrdə həyata keçirilən islahatlar, habelə 44 günlük Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi barədə fikirlərini bölüşərək, ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regionun lider dövlətinə çevrildiyini bildirib.
Konfransda “Ulu öndər Heydər Əliyev haqqında “Mən fəxr edirəm ki, Azərbaycanlıam” adlı sənədli film nümayiş etdirilib.
Daha sonra Heydər Əliyevlə çalışmış, Sovet dövründə Özbəkistanın Kənd təsərrüfatı naziri olmuş, ulu Öndərin dostu İsmayıl Curabekov çıxış etmişdır. O, Ulu Öndərin fenomenal şəxsiyyət kimi dəyərləndirərək, onun yüksək siyasi istedadı, idarəçilik qabiliyyəti, Özbəkistana daim xüsusi münasibətini qeyd edib. İsmayıl Curabekov Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək onunla dostluq münasibətləri, Moskvada çalışarkən ailəvi yaxınlıq, Ulu Öndərin xəstəxanada müalicə alarkən ziyarət etməsi, onunla keçirilən görüşləri gözəl və unudulmaz xatirə kimi dəyərləndirib.
Azərbaycan Milli Məclisinin deputatları Ağalar Vəliyev, Cavanşir Paşazadə, Malik Həsənov konfransda çıxış edərək milli lider amilinin xalqların aparıcı milli ideyalar ətrafında birləşdirməyi bacaran xarizmatik şəxsiyyətlərin xalqların taleyində oynadıqları rolu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası, gücləndirilməsi və dövlətçiliyin qorunub saxlanmasında, təzyiqlərə baxmayaraq milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutmasında xalqımız qarşısındakı unudulmaz xidmətlərini diqqətə çatdırıblar. Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasi xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın milli maraqları və mənafeyinin qətiyyətlə qorunması, Azərbaycanın erməni işğalında olan torpaqlarının azad olunması, ölkəmizin günü-gündən güclənməsini fəxr hissi ilə qeyd ediblər.
Konfransda Özbəkistan Azərbaycandakı keçmiş səfirləri İsmatulla Erqaşev, Əbdülqafur Əbdürəhmanov Bakıda diplomatik missiyaya rəhbərlik edən zaman Heydər Əliyevlə görüşləri, ünsiyyəti, onun yüksək şəxsi keyfiyyətləri, dövlətinə və xalqına bağlı olması, Azərbaycan dilinə verdiyi önəm və Özbəkistanla münasibətlərə, əməkdaşlığın inkişafına, dövlətlərimiz arasında müttəfiqliyə xüsusi diqqət yetirməsini hər bir Özbəkistanlı üçün fəxrli olduğunu qeyd ediblər.
Onlar Heydər Əliyevin Sovet rəhbərliyində çalışarkən Özbəkistan lideri Şərəf Rəşidovla dostluğunu, daim Özbəkistana köməklik göstərməsini xüsusi vurğulayaraq, müstəqillik dövründə Özbəkistanın birinci prezidenti İslam Kərimovla əlaqələri inkişaf etdirməsini qeyd edərək, Heydər Əliyevin irsinin təbliği, onun xatirəsinin Özbəkistanda əbədiləşdirilməsini fəxrlə vurğulayıblar.
Çıxış edənlər Heydər Əliyevin məhz, Özbək xalqı qarşısında bu xidmətlərinin unudulmadığını, Daşkənddə Heydər Əliyevin adını daşıyan küçənin, park-meydanın yaradıldığını, Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini və böyük siyasət xadiminə dair Özbək dilində kitablar nəşr edildiyini və daim bu böyük şəxsiyyətin yad ediləcəyini bildiriblər.
Konfransda ədəbiyyatşünas alim, tərcüməçi Babaxan Şərif, tarixçi-alim Şuxrat Barlas və başqaları Ulu Öndər Heydər Əliyevi bir siyasətçi və şəxsiyyət kimi xarakterizə etmiş, onu mədəniyyətə, ədəbiyyata, sənətə qayğı göstərən lider, dünya şöhrətli siyasi xadim kimi səciyələndirmişlər.
Anar