Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Qədirbilən xalqımız akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anır"

Jalə Əhmədova: “Qədirbilən xalqımız akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anır"


Bu gün ölkəmizdə Akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilir. Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayaraq həyata keçirir.

Zərifə xanımın taleyinə Prezident Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin isə anası olmaq kimi şərəfli bir qismət yazılmışdı. Ulu Öndər Heydər Əliyev həyat yoldaşı Zərifə xanım Əliyeva haqqında deyirdi:
“Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”

Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında xatirələrində deyir: “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.”
Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirdikdən sonra o dövrdə Azərbaycanda geniş yayılmış və gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu. 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə xanım aspiranturaya daxil olaraq həkim fəaliyyəti ilə yanaşı, həm də elmi axtarışlarını davam etdirir. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edirdi. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edildi və ölkəmiz bu xəstəlikdən xilas oldu.

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil edir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Z.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə¬ri¬nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl¬lifi olmuşdur.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. O, bu mükafata layiq görülmüş ilk qadın idi.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Z.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.

Qədirbilən xalqımız akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anır və onun ölkəmizdə səhiyyənin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş