Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionlarda çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi vacibdir -ÖZƏL

Regionlarda çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi vacibdir


Hər il turizm mövsümü yaxınlaşanda regionlardakı turizm istirahət mərkəzləri, otellərdə qiymətlərin bahalığından şikayət edilir, təklif edilən qiymətlərin sadə vətəndaş üçün keçərsiz olduğu bildirilir. Bu məqsədlə regionlardakı turizm istirahət mərkəzlərində müasir standartlara cavab verən 4 və 5 ulduzlu otellərlə yanaşı, 1 və 2 ulduzlu otellərin tikilməsi də məqsəduyğun sayılır. Elə Milli Məclisin deputatı Vüqar Bayramov da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, millət vəkili bildirib ki, regionlarda çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi oludqca vacibdir:

"Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi üçün bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımdan vacibdir".

Millət vəkili qeyd edir ki, regionlarımız turizmdə hələ də Bakı ilə rəqabət apara bilmirlər:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, xaricilərin Azərbaycan hotellərində gecələmələrinin sayı 79.7 faiz artaraq 309 minə çatıb. Bunun isə 80 faizi Bakının payına düşür. Yəni, Azərbaycanda gecələyən hər 100 xaricinin cəmi 20-si rayonlara üstünlük verib. Bu isə ondan xəbər verir ki, hələ də regionlar ilə müqayisədə Bakı xaricilər üçün daha cəlbedici olaraq qalmaqdadır. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana və eləcə də regionlara daha çox turistin gəlməsinə imkan yarada bilər".

Deputatın sözlərinə görə, monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır:

"Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2023-ci ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir".

Məlumat üçün bildirək ki, Azərbaycana gələn xaricilərin 8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.

Natiq
Xəbəri paylaş