Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən 13-15 fevral 2023-cü il tarixində İslam dininə aid ibadət yerlərində imam və imam müavini vəzifələrinin tutulması üçün keçirilmiş müsahibədə uğur qazanan və təyinat alan din xadimləri ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, mayın 1-də keçirilən görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, dinə dövlət qayğısı, vəhdət və həmrəyliyimizin əhəmiyyəti barədə danışıb. Bildirib ki, dinin dövlətdən ayrı olması dünyəviliyin təməl daşıdır və bu heç də dövlətin dini, dindarı diqqətdən kənarda saxlaması deyil. Əksinə, dövlət bütün dinlərə fəaliyyət göstərmələri, inkişaf etmələri üçün hər bir şərait yaradır. Bunun ən yaxşı nümunəsi isə Azərbaycandır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib.
M.Qurbanlı qeyd edib ki, müasir dünyada dinə təkcə etiqad nöqteyi-nəzərdən yanaşılmır, ondan mahiyyətinə uyğun olmayan başqa məqsədlərlə də istifadə edilir. Bu kimi halların yolverilməz olduğuna diqqət çəkən Komitə sədri kimliyindən asılı olmayaraq hər bir vətəndaşın dövlətçilik maraqları və mövqeyinin öncüllük təşkil etməsinin vacibliyinə toxunub. Vurğulayıb ki, həm dinin öz ilahi təyinatına uyğun müqəddəsliyinin qorunması, həm də ondan hansısa destruktiv məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasında din xadimləri də xüsusi fəallıq nümayiş etdirməlidirlər. O, yeni təyinat alan din xadimlərinin dövlətin din siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərə öz töhfələrini verəcəklərinə ümidvar olduğunu bildirib.
Dövlət Komitəsi sədrinin müavinləri Sahib Nağıyev və Gündüz İsmayılov, müvafiq şöbə müdirlərinin də iştirak etdikləri görüşün sonunda din xadimlərini maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.
Mehman