"Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubiley tədbirləri təkcə Azərbaycanda deyil, yaxın qonşu və dost ölkələrdə də geniş şəkildə qeyd edilməkdədir. Azərbaycanla dost və qardaş ölkə olan Gürcüstanda da Ümummilli liderə olan böyük məhəbbət və sonsuz ehtiramın əlaməti olaraq dövlət səviyyəsində silsilə tədbirlər keçirilməkdədir. Qədirbilən gürcü xalqı Ulu öndərin əziz xatirəsini hörmətlə yad edir, Onun zəngin dövlətçilik irsinin təbliği və gənc nəslə çatdırılmasında öz humanistliyini, əsil dost mövqeyini, Dahi şəxsiyyətə olan mənəvi borcunu nümayiş etdirməkdədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev səsləndirib. Akademik bildirib ki, bu günlərdə Tbilisi şəhərində səfərdə olarkən bu xoş və qürurverici səhnələrin bir daha canlı şahidi oldum:
"Tbilisinin tarixi yerlərindən və ən görkəmli ərazilərindən biri olan mərkəzi hissəsində yerləşən Heydər Əliyev adına bağda Ulu öndərin heykəlini ziyarət edənlərin, gül dəstəsi qoyanların saysı-hesabı yox idi. Gürcü xalqı ilə yanaşı, bu parkı ziyarət edən digər xarici qonaqların da Heydər Əliyevə olan böyük rəğbətini müşahidə etdim. Heydər Əliyev haqqında gürcü xalqının olduqca zəngin və fərəhləndirici təəssüratları bir daha Ulu öndərə tükənməz sayğının ifadəsi kimi xatirimdə dərin iz buraxdı. Bu mənzərə olduqca sevindirici və quruvericidir, Azərbaycanda olduğu kimi Gürcüstanda da Ulu öndərə olan dərin məhəbbət nəsildən-nəsilə keçir, Onun irsi əbədiyaşarlığını qoruyub saxlayır.
Gürcüstanın bir sıra dövlət qurumlarında, ali və elmi məktəblərində, siyasi, ictimai dairələrində də çoxsaylı görüşlərim oldu və Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin, Ulu öndərə dərin ehtiramın sonsuz təzahürlərini hiss etdim. Bir daha əmin oldum ki, Ulu öndərin təməlini qoyduğu dərin sütunlar Azərbaycan və Gürcüstan arasında dostluğu sarsılmaz edir və Onun bu uzaqgörən siyasəti gürcü xalqı tərəfindən heç vaxt unudulmur".
Vaqif Abdullayev sonda onu da qeyd edib ki, mayın 12-də gürcü dilində nəşr edilmiş müəllifi olduğu “Milli Dövlətçiliyimizin Simvolu” adlı kitabımın Tbilisidə geniş təqdimat mərasimi keçiriləcək:
"Bu tədbir də Ümummilli liderin 100 illik yubiley tədbirlərindən biri kimi qardaş ölkə olan Gürcüstan dövlətinin, ictimai-siyasi elitasının hörmətinin nümunəsi hesab edilə bilər".
Anar