Rusiyalı iş adamı Ruben Vardanyan yenə peyda olub. O, Rusiya KİV-lərinə verdiyi müsahibədə Vaşinqton görüşü barədə bədbin fikirlər söyləyib və bu görüşü Rusiyanın Cənubi Qafqaz siyasətinə zidd bir görüş kimi dəyərləndirib. Ekspertlər hesab edirlər ki, Vardanyanın fikri əslində elə Rusiyanın fikridir və Kreml Vaşinqton danışıqlarına əngəl olmaq üçün Qarabağda yeni təxribatlar həyata keçirə bilər.
Elə BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov da belə düşünür. Newscenter.az-a verdiyi açıqlamada politoloq deyib ki, Rusiyanın Vaşinqton görüşlərindən narazı qalmasını deməyə ehtiyac yoxdur:
"Bu, məlum məsələdir. Vardanyanın müsahibə verməsi də bunun elanıdır. Ciddi təxribatların ola bilmə ehtimalı da mümkündür".
Azər Qasımov hesab edir ki, Rusiya reallıqla barışa bilmir:
"Azərbaycan və Ermənistan artıq qarşıdurmadan yorulub. Keçirilən Vaşinqton görüşünün mümkün nəticələri barədə Kremldə məlumat olduğu şübhəsizdir ki, təxribatçı addımlara şərait yaratmaqla qeyri-müəyyənlik mühiti formalaşdırmaq istəyirlər".
Politoloq hesab edir ki, Vaşinqton görüşlərindən çıxacaq nəticə böyük ölçüdə problemin həllində dəyişiklik edəcək və Rusiyanı fakt qarşısında qoyacaq.
Anar